ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinlə görüşü öncəsi verdiyi açıqlamada hər iki ölkənin Hörmüz boğazından enerji axınının təmin olunmasında və İranın nüvə silahına sahib olmasının qarşısının alınmasında maraqlı olduğunu bildirib.
Zefer.media TRT Haber-ə əsasən xəbər verir ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Zirvə toplantısı üçün Çinin Şençjen şəhərində səfərdə olan Tramp Si Cinpinlə nahar yeməyində bir araya gəlib.
Görüşdən əvvəl açıqlama verən Tramp Si Cinpinlə “möhtəşəm şəxsi münasibətlər” qurduqlarını, bunun bəzi insanları narahat etdiyini, lakin özünün bu münasibətdən son dərəcə məmnun olduğunu bildirib.
O, “Ticarətdən investisiyalara, regional məsələlərdən dünya sülhünə qədər ABŞ və Çin liderlik edib. Başqa heç kim dünyanın heç bir yerində bizim etdiyimizi edə bilməz”, – deyə qeyd edib.
ABŞ və Çin arasındakı münasibətlərin əvvəllər “çox qeyri-taraz” olduğunu bildirən Tramp, “Əvvəlki prezidentlər öz vəzifələrini yerinə yetirmədilər, lakin biz istədiyimiz ədalətli münasibətləri qurduq”, – deyib.
Si Cinpinlə gecə saatlarında təxminən iki saat söhbət etdiklərini və bir çox məsələləri müzakirə etdiklərini bildirən Tramp, “İndi də görüşəcəyik və bunun çox məhsuldar olacağına inanıram”, – ifadəsini işlədib.
İran məsələsinə toxunan Tramp, “Həm ABŞ, həm də Çin Hörmüz boğazından enerji axınının təmin olunmasında və İranın nüvə silahına sahib olmasının qarşısının alınmasında maraqlıdır. Bu iki məsələyə çox ciddi yanaşırıq”, – deyə bildirib.
Fentanil böhranına son qoymağın da müzakirə gündəmlərində yer aldığını qeyd edən Tramp dəniz yolu ilə daşınan fentanilin miqdarını 97 faiz azaltdıqlarını iddia edib.
Tramp, “Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatmasına kömək etmək istəyirik. Bu müharibənin bitməsini arzulayırıq. Düşünürəm ki, ikimizin də bu məsələdə mövqeyini kifayət qədər aydın şəkildə ifadə edə bilərəm”, – deyib.
Rusiya Prezidenti Vladimir Putinin də iştirakı ilə yaxın saatlarda üçtərəfli görüş keçirəcəklərini xatırladan Tramp, “Bunu səbirsizliklə gözləyirəm. Putinlə qısa bir görüş keçirmişdim. Üçtərəfli görüşün uğurlu olacağına inanıram”, – deyə bildirib.
Çinlə “xüsusi münasibətlərə” malik olduqlarını vurğulayan Tramp Si Cinpinə müraciətlə, “Sən və mən vəzifədə olduğumuz müddətdə heç vaxt problem yaşamayacağımızı düşünürəm”, – ifadəsini işlədib.
Lalə Qurbanlı




