ABŞ Prezidenti Donald Tramp İranla müharibənin uzanması fonunda Yaxın Şərqdəki müttəfiqlərinə qarşı mövqeyini sərtləşdirib.
Zefer.media “The Washington Post”a istinadən xəbər verir ki, son günlər Trampın bölgədəki müttəfiqləri ilə bağlı açıqlamalarında daha sərt ritorikadan istifadə etdiyi müşahidə olunur.
Nəşrin ekspertlərə istinadən yazdığına görə, ABŞ lideri Tehran üzərində sürətli qələbə əldə etməyin mümkün olmamasından getdikcə daha çox narazıdır. Bu narazılığın onun Oman və ABŞ-ın regiondakı digər tərəfdaşlarına münasibətdə ritorikasında da özünü göstərdiyi bildirilir.
İsraillə birlikdə İrana qarşı hücumların başlamasından təxminən altı ay sonra Vaşinqton hələ də Tehrandan əsas güzəştləri əldə edə bilməyib. Bunların arasında Hörmüz boğazı ilə bağlı məsələnin də olduğu qeyd olunur.
Bununla yanaşı, silah ehtiyatlarının azalması səbəbindən Tramp hələlik yeni genişmiqyaslı hərbi əməliyyata başlamaqdan çəkinir və əsas diqqəti İrana qarşı iqtisadi təzyiqin gücləndirilməsinə yönəldir.
Lakin “The Washington Post”un məlumatına görə, tətbiq edilən sanksiyalar da indiyədək İran rəhbərliyinin mövqeyini dəyişməsinə səbəb olmayıb.
Aytən Yalçınqızı

















