Media

Sədaqət ipinin bir ucu Markdadır…

24 Noyabr 2026, 13:302
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Markın “Facebook”unu elə buna görə sevirəm. Özünü unutmağa, keçmişdən uzaqlaşmağa imkan vermir. Bir anda səni keçmişə qaytarır. Həmin gün ovqatın necə olursa-olsun, gülümsəyirsən.
Düzdür, indi çoxları Markın “Facebook”undan üz döndərib. Sədaqət ipinin bir ucu Markdadırsa, o biri ucu da məndədir. Sözümüz söz: axırıncı istifadəçi qalana qədər mən də o ipin ucunu buraxmayacağam, “FB”ni yeni gülməşəkərlə dəyişməyəcəyəm.
“FB” mənə bu günü, düz beş il əvvəlki bu günü xatırlatdı.
Beş il əvvəl, əvvəlki (indi həmin yerdə heyvan xəstəxanası fəaliyyət göstərir) “Azərkitab”da ilk kitabımın təqdimatını keçirmişdim. Saydığım, məni sayan dostlarla bir otağa yığışıb kitabımı oxuculara təqdim etmişdim.
Adı da özü kimi manidar idi: “Diqqət, xəbər var!”
Bu kitabın araşdırma mövzusu üzərində işləməyə Mərmərə Universitetinin “Media İqtisadiyyatı və İdarəedilməsi” fakültəsində təhsil aldığım zamanlardan başlamışdım. Uzun və çox maraqlı bir yol idi. Düz iki il ərzində araşdırmamı davam etdirdim, yazdım və müdafiə etdim.
O vaxtlar çəkdiyim əziyyətə hörmət əlaməti olaraq söz də vermişdim: “Mən bunu bir kitab halına salacağam”. Və işə başladım. Uzun zaman aldı, amma “Mücrü” nəşriyyatı ilə birlikdə kitabı cəmi bir aya hazırladıq.
Türkiyənin və Azərbaycanın dövlət xəbər agentlikləri olan “Anadolu” və “Azərtac”ın dünyada baş vermiş beş mühüm hadisə üzərindən müqayisəsi, eləcə də bu müqayisənin aktiv siyasətdəki ümumi təzahürləri kitabın əsas mövzusunu təşkil edirdi. Gözəl, nəfis bir iş alındı.
Məsuliyyətimi bölüşmək üçün böyüklərlə məsləhətləşmək də lazım idi. Allah rəhmət eləsin, Jurnalistika fakültəsində sevimli müəllimim Nəsir Əhmədlinin yardımları, əziz müəllimim Cahangir Məmmədlinin mənəvi dəstəyi işin öhdəsindən gəlməyimdə mənə böyük kömək oldu.
Təqdimat baş tutdu. Daha sonra kitabın bütün tirajını gənclərə ödənişsiz paylamağa başladım.
***
Kitabla bağlı sonralar maraqlı bir hadisə də yaşandı.
Təqdimatdan bir müddət sonra “Azərkitab”dan gələn zəng mənim o məğrur ovqatımı dəyişdi:
“Yeni kitablar verin, sizin bizdəki kitablarınızın hamısı alınıb. Özü də bir nəfər tərəfindən”.
Bir nəfər… Kimdir o? Niyə bir nəfər bütün kitabları alsın?
Ən çətin suallar müəmmadan yaranmırmı?
Ardınca daha bir zəng. O zamanlar “Azərtac”ın direktoru olan Aslan Aslanovun köməkçisi görüş üçün vaxt istədi. Vədələşdik, görüşdük.
Aslan müəllimin gözlərindəki təəccüb hələ də yaddaşımda diridir.
Tanış olduq, bir neçə saat söhbət etdik. Səmimi suallar verməyə başladı. Ən yaddaqalanı isə bu idi:
“Sən niyə bizdən kömək almamısan? Niyə biz sənə dəstək olmamışıq?”
“İstəmədim. Çünki bu, pula dəyişə biləcəyim bir dəyər deyildi. İstəmədim, çünki bəlkə də mən həm də istəməyi bacarmıram”, – deyib mövzunu qapatdım.
Təşəkkür etdim, əlini sıxdım. Kitabları “Azərtac”ın kitabxanasına verəcəyini dedi və mən ayrıldım.
Bu gözəl xatirələri yazmağa ehtiyac duydum.
Sədaqət ipinin bir ucu Markdadır.
İnanıram ki, beş il sonra Facebook yenə bu günü xatırladacaq. Bəlkə də həmin vaxt bu yazını oxuyub yenidən gülümsəyəcəyəm. Mark xatırladacaq, mən isə sədaqət ipinin öz ucundan tutub yenə paylaşacağam.
Bax belə…
Əfsələddin Ağalarov
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600