Aprel döyüşləri Azərbaycanın hərb tarixinə sadəcə bir hərbi uğur deyil, həm də milli dirçəlişin və böyük Qələbənin ilk müjdəçisi kimi həkk olundu. Bu döyüşlərin ön cəbhəsində, ən qaynar nöqtələrində xidmət edən, hər bir addımı məsuliyyət və vətən sevgisi ilə ölçülən qəhrəmanlarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri, baş leytenant Səməndər Manafovdur.
Xatirələrini Zefer.media ilə paylaşan qazi, Aprel döyüşlərinin saniyələrlə ölçülən gərgin anlarını, şəxsi heyətə olan sadiqliyini və qələbəyə olan sarsılmaz inamını bu sözlərlə dilə gətirib :

” Mən, Manafov Səməndər Müqamət oğlu 2016-cı ilin aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrdə baş leytenant, qrup komandiri kimi döyüşlərdə iştirak etmişəm. Mən təkcə bir zabit deyildim mənim üzərimdə mənə etibar olunmuş şəxsi heyətin məsuliyyəti var idi. Hər bir əsgərin həyatı mənim üçün əmanət idi. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyim müddətdə dəfələrlə düşmən təxribatlarının qarşısını almaq üçün döyüş əməliyyatlarında iştirak etmişəm. Şəxsi heyətimlə birlikdə bu tapşırıqları uğurla yerinə yetirmişik.Cənab Prezident İlham Əliyev tərəfindən şəxsən təltif olunmuşam. Bu, mənim üçün böyük şərəf və eyni zamanda daha böyük məsuliyyət idi.Aprel döyüşləri başlayanda içimizdə bir hiss var idi. Bu, adi hiss deyildi. Bu, həm qürur idi, həm məsuliyyət idi, həm də illərlə gözlədiyimiz an idi. Biz Xüsusi Təyinatlılar olaraq ən çətin tapşırıqlar üçün hazırlanmışdıq. Gecə əməliyyatları, səssiz irəliləyiş, yaxın məsafədə döyüş bunlar bizim gündəlik hazırlığımız idi. Bizə geri çəkilmək yox, tapşırığı yerinə yetirmək öyrədilmişdi. Döyüş meydanında hər şey saniyələrlə ölçülür. Orada verdiyin hər qərar təkcə sənin yox, səninlə irəliləyən döyüş yoldaşlarının taleyini müəyyən edir. Mən komandir kimi hər addımda bunu düşünürdüm. Biz bir nəfər kimi hərəkət edirdik. Nəfəsimiz, addımımız, məqsədimiz bir idi. 3 aprel günü döyüşlərin ən ağır anlarından biri oldu. Döyüş zamanı ayaqlarımdan ağır yaralandım. Yerə yıxıldığım an belə fikrim döyüşdə qalan əsgərlərimin yanında idi. Onları orada qoymaq, döyüşü yarımçıq tərk etmək hissi mənim üçün fiziki ağrıdan daha ağır idi. Ən çətin an isə itkilərimiz oldu. Mənim rəhbərlik etdiyim şəxsi heyətdə şəhidlərimiz və yaralılarımız oldu. Komandir üçün bundan ağır yük yoxdur. Səninlə çiyin-çiyinə döyüşən, güvəndiyin insanların itirilməsi insanın qəlbində silinməyən iz qoyur. Bu ağrı ömür boyu qalır.Amma eyni zamanda onların qəhrəmanlığı bizə güc verdi. Ağdərə rayonu Talış kəndi istiqamətində bir çox yüksəklikləri azad etdik. Biz geri çəkilmədik. Biz onların yolunu davam etdirdik. Çünki bilirdik ki, bu torpaq uğrunda verilən hər can Vətənin sabahı üçündür.Bu gün o yaralara baxanda ağrı yox, qürur hiss edirəm”.
Komandir müharibədə olan hər nöqtənin ona döyüşü və komandasını xatırlatdığını qeyd edib : “Hər iz mənə həm döyüşü, həm də o igid oğulları xatırladır. Biz o döyüşlərdə sübut etdik ki, Azərbaycan əsgəri, xüsusilə Xüsusi Təyinatlıları ən çətin şəraitdə belə tapşırığı yerinə yetirməyə qadirdir.Aprel döyüşləri sadəcə bir döyüş deyildi. Bu döyüşlər 2020-ci il Vətən müharibəsinin başlanğıcı, bir növ sınağı idi. O günlərdə qazandığımız təcrübə, göstərdiyimiz iradə və ruh yüksəkliyi sonrakı böyük Zəfərin təməlini qoydu”.
Sonda S.Manafov gənclərə ünvanlanan vətənpərvərlik dolu mesajını və gələcək nəsillərə olan inamını bu sözlərlə ifadə edib : ” Gənclərə demək istəyirəm: Vətəni sevmək sözlə deyil, əməllə sübut olunur. Hər kəs öz sahəsində məsuliyyətli olmalı, güclü olmalı və lazım olanda önə çıxmağı bacarmalıdır. Döyüş yoldaşlarım onlar mənim üçün sadəcə xatirə deyil. Onlar mənim həyatımın bir hissəsidir. Şəhid olan qardaşlarımızı dərin ehtiramla yad edirəm. Onların adı, onların qəhrəmanlığı daim yaşayacaq. Aprel döyüşlərində yazılan qəhrəmanlıq 2020-ci ildə böyük Zəfərə çevrildi. Bu zəfər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan əsgərinin şücaəti və xalqımızın birliyi nəticəsində qazanıldı.
Bu, Azərbaycan əsgərinin gücünün iradəsinin və Vətən sevgisinin qələbəsidir”.
Aprel döyüşlərinin ildönümü ilə əlaqədar Zefer.media kollektivi bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyir. Vətən sizə minnətdardır !
Pərvin Hacıyeva

















