Rusiyanın Adıgey, Stavropol və Dağıstan bölgələrində Ozon logistika mərkəzlərinə dron hücumları nəticəsində yanğınlar baş verib. Hadisələr zamanı işçilər təxliyə edilib.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Adıgeydəki Ozon logistika mərkəzinə hücum nəticəsində böyük yanğın baş verib. Şirkətin məlumatına görə, işçilər təxliyə olunub, ilkin məlumata əsasən, xəsarət alan olmayıb. Hadisə ilə əlaqədar anbarın fəaliyyəti dayandırılıb.
Bildirilib ki, təhlükəsizlik səbəbindən həmin mərkəzdən məhsulların onlayn sifarişi və satıcılardan malların qəbulu müvəqqəti olaraq mümkün olmayacaq. Anbara aparan logistika marşrutları ləğv edilərək alternativ istiqamətlərdən istifadə olunacaq.
Bundan əlavə, Stavropol diyarının Nevinnomıssk şəhərində yerləşən böyük Ozon anbarına da dron hücumu edildiyi və nəticədə yanğın baş verdiyi bildirilib. Bölgənin qubernatoru Vladimir Vladimirov hava hücumundan müdafiə qüvvələrinin şəhərin sənaye zonasına edilən hücumun qarşısını aldığını açıqlayıb.
Mahaçqalada isə səhər saatlarında Ozon logistika mərkəzinə dron hücumu baş verib. Şirkətin məlumatına görə, əməkdaşlar təxliyə edilib, bir neçə nəfər yaralanıb və həkimlər tərəfindən müayinə olunub. Yaralıların həyatına təhlükə olmadığı bildirilib. Yanğın səbəbindən anbarın fəaliyyəti dayandırılıb.
Hadisələrin fonunda Krasnodarda da dron hücumu nəticəsində ölən və yaralananların olduğu açıqlanıb. Şəhərin meri Yevgeni Naumovun sözlərinə görə, pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində iki uşaq ölüb, doqquz nəfər yaralanıb. Onlardan ikisi böyük, yeddisi isə uşaqdır.
Məlumata görə, dron qalıqları özəl uşaq mərkəzinin ərazisinə düşüb və yanğın başlayıb. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev isə dron qalıqlarının yaşayış binalarının və tikilməkdə olan çoxmənzilli binaların üzərinə düşdüyünü bildirib.
Qəmər Kazımzadə

















