Rusiya Türkiyədən ilk dəfə benzin partiyası idxal edib. Təxminən 200 min barrel yanacaq daşıyan tanker Mersin limanından çıxaraq Rusiyaya istiqamətlənib.
Zefer.media xəbər verir ki, bu barədə S&P Global Commodities at Sea məlumat yayıb.
Məlumata görə, “Wendrix” tankeri iyulun 31-də Mersin limanından çıxıb və avqustun 23-də Finlandiya körfəzində olub. Tankerin Rusiyanın Leninqrad vilayətində yerləşən Primorsk neft limanına istiqamətləndiyi bildirilir.
Ekvatorial Qvineya bayrağı altında üzən tanker Rusiyanın “kölgə donanması”na aid edilir. “Wendrix” daha əvvəl “Jasper” adlanıb və Avropa İttifaqı, Böyük Britaniya, Ukrayna və İsveçrənin sanksiya siyahılarına daxil edilib.
Türkiyədən həyata keçirilən bu tədarük Rusiyaya iyul ayından bəri məlum olan beşinci dəniz yolu ilə benzin idxalıdır. Analitiklərin hesablamalarına görə, həmin dövrdə Rusiyaya dəniz yolu ilə gətirilən benzinin ümumi həcmi 1 milyon barreldən çox olub.
Qəmər Kazımzadə

















