Rusiya kosmosa nüvə silahı yerləşdirmək üçün hazırlıqlar görür. İlin sonunadək ölkənin orbitə nüvə başlığı daşıyan peyk çıxaracağı planlaşdırılır.
Bu barədə “Süddeutsche Zeitung” nəşri məlumat yayıb.
Bildirilib ki, peykin orbitə buraxılması qarşıdakı həftələrdə istənilən vaxt baş tuta bilər.
“Sputnik-S” adlandırılan aparatın artıq tam yığıldığı və uzun müddətdir Moskva ətrafında saxlanıldığı deyilir.
Qərb kəşfiyyat orqanları və hərbi qurumları, o cümlədən Almaniya Silahlı Qüvvələri (Bundesver) və Federal Kəşfiyyat Xidməti hesab edirlər ki, orbitə çıxarıldıqdan sonra peyk çox qısa müddətdə tətbiqə hazır vəziyyətə gətiriləcək.
Qeyd olunur ki, bir sıra NATO ölkələrinin rəhbərliyinə bu barədə müvafiq xəbərdarlıq göndərilib.
Kosmosda nüvə silahının yerləşdirilməsi Qərb üçün hərbi baxımdan ciddi təhlükə yaradır. Kəşfiyyat orqanlarının qənaətinə görə, əgər belə bir silahlı peyk Yer orbitinə çıxarılarsa, ona qarşı effektiv əks-tədbirlər demək olar ki, qalmayacaq və silahın tətbiqinin qarşısını almaq qeyri-mümkün olacaq.
Məlumata görə, kosmosda baş verəcək nüvə partlayışı digər peyklərin, habelə Yerdəki texniki sistemlərin sıradan çıxmasına səbəb ola bilər.
Rusiyanın Almaniyadakı səfirliyindən bu barədə məlumata malik olmadıqları bildirilib.
Xəbərdə vurğulanır ki, 2025-ci ilin sentyabrında Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya və Çinin kosmosda müharibə aparmaq imkanlarını genişləndirdiyini, bunun isə həm bütövlükdə Avropa üçün fundamental təhlükə yaratdığını bildirib.




