Braziliya Prezidenti Luis İnasio Lula da Silva Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpini beynəlxalq problemlərin həlli üçün bir araya gəlməyə və dialoqa çağırdığını bildirib.
Zəfər.media xəbər verir ki, bu barədə “CNN Brazil” Braziliya liderinin noyabrın 22-də verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Lula da Silva üç liderlə ayrı-ayrılıqda telefon danışığı apardığını və onları fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çağırdığını deyib.
“Onların hər üçünə zəng etdim və eyni sözləri söylədim: Tanrı xatirinə, bir araya gəlin, pivə, konyak və ya viski için, amma danışın və zorakılığı dayandırın. Təsadüfdür, ya yox, hər üçü bir araya gəldi”, – deyə Braziliya Prezidenti bildirib.
Lula telefon danışıqlarının liderlərin üçtərəfli görüşünün təşkilinə təsir göstərib-göstərmədiyini bilmədiyini vurğulayıb. O, Putin, Tramp və Si Cinpinlə sərbəst ünsiyyət qurduğunu, hər biri ilə bir saat yarımdan çox danışdığını da qeyd edib.
Xatırladaq ki, noyabrın 19-da Çinin Şençjen şəhərində Vladimir Putin, Donald Tramp və Si Cinpinin üçtərəfli görüşü keçirilib. Görüşdə beynəlxalq vəziyyət, strateji sabitlik, qlobal təhlükəsizlik və regional münaqişələr müzakirə olunub. Tərəflər sülhə dair bəyannamə qəbul etməklə yanaşı, iqtisadi əməkdaşlıq, ərzaq və enerji təhlükəsizliyi məsələlərini də gündəmə gətiriblər.




