Qazaxıstanda üzü örtən geyimlərin qadağan edilməsi ilə bağlı müzakirələr fonunda kuryerlər və kommunal xidmət işçilərinin bu qaydadan təsirlənib-təsirlənməyəcəyi sual doğurub.
Zefer.media xarici mənbəyə istinadən xəbər verir ki, məsələ ilə bağlı Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov parlamentdə (Məclis) jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, qanun layihəsində bir sıra istisnalar nəzərdə tutulur.
Nazir müavininin sözlərinə görə, rəsmi və peşə fəaliyyəti çərçivəsində istifadə olunan üzörtücü vasitələr qadağaya daxil edilməyəcək:
“Kommunal xidmət işçiləri, bəzi idmançılar dəbilqə taxırlar — bu istisnadır. Rəsmi məqsədlər üçün istifadə olunan vasitələr (kuryerlər də daxil olmaqla), həmçinin konsertlər və idman tədbirləri zamanı üz örtən əşyalar qadağa ilə əhatə olunmur”.
Beləliklə, mövcud izahata əsasən, kuryerlərin və digər xidmət sahəsində çalışan şəxslərin iş məqsədilə üzlərini örtən geyim və ya qoruyucu vasitələrdən istifadə etməsi qadağan edilməyəcək.
Aytən Yalçınqızı















