“Hərəkatın silah təhvil verməsi məsələsi son Qəzza danışıqlarında müzakirə olunmayıb və ağır silahların saxlanması məsələsi Fələstin Milli Komissiyası tərəfindən həll olunmalıdır”.
Zefer.media xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun sözçüsü Qazi Həməd bildirib.
Belə ki, sözçü Türkiyənin “Aydınlık” nəşrinə deyib: “Danışıqlar zamanı silahların təhvil verilməsi məsələsini müzakirə etmədik. Bu mərhələ mövcud deyil. Söhbət silahların müəyyən bir yerdə saxlanmasından gedir və onlar xarici tərəf tərəfindən deyil, Fələstin Milli Komissiyası tərəfindən saxlanılmalıdır”.
Onun sözlərinə görə, silahlanma məsələsi razılaşmanın birinci mərhələsinin şərtlərinin həyata keçirilməsi, Qəzzada Fələstin Milli Komissiyasının işinə başlanması və Qəzza zolağına daxil ola biləcək beynəlxalq qüvvələrin vəzifələrinin müəyyən edilməsi ilə bağlıdır.
Həməd qeyd edib ki, silah məsələsinin həlli silahlı qrupların fəaliyyətinin dayandırılması və İsrail qüvvələrinin Qəzza zolağından çıxarılması ilə də bağlıdır.
O, bu şərtlər yerinə yetirildikdən sonra ağır silahlarla bağlı əlavə tədbirlərin vaxtı, siyahısı və proseduru ilə bağlı yeni danışıqlara başlamalı olduğunu söylədi.
Eyni zamanda, HƏMAS nümayəndəsi İsrailin hələlik bu yol xəritəsinə müsbət cavab vermədiyini və Qəzzada hərbi əməliyyatları davam etdirdiyini vurğulayıb.
Xatırladaq ki, Qəzza zolağında müharibəyə son qoymaq üçün razılaşma 9 oktyabr 2025-ci ildə Misir, ABŞ, Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə edilib və 13 oktyabrda Şarm əl-Şeyx sammitində yekunlaşdırılıb. Bu razılaşma atəşkəsi, Qəzzada saxlanılan girovların fələstinli məhbuslarla əvəz edilməsi müqabilində azad edilməsini, humanitar yardımın artırılmasını və İsrail qüvvələrinin mərhələli şəkildə geri çəkilməsini nəzərdə tuturdu.
Hazırda razılaşmaların icrası yarımçıq qalır. Tərəflər əsasən növbəti addımların ardıcıllığı ilə bağlı fikir ayrılığına malikdirlər.
Zərintac Mayisqızı

















