Qətərin nəhəng qaz zavodu raket atəşinə tutuldu.
“Qatar Energy” şirkəti martın 19-da istehsal infrastrukturunun daha bir raket hücumuna məruz qaldığını təsdiqləyib.
Bu barədə şirkət “X” hesabında məlumat dərc edib.
“Martın 18-də Ras Laffan sənaye şəhərinə edilən və xeyli ziyana səbəb olan əvvəlki hücuma əlavə olaraq, “Qatar Energy” şirkəti martın 19-u səhər saatlarında mayeləşdirilmiş təbii qaz istehsalı ilə əlaqəli bir neçə obyektin raket zərbəsinə məruz qaldığını və nəticədə ciddi və genişmiqyaslı ziyanın baş verdiyini təsdiqləyir”, – deyə açıqlamada qeyd olunub.
Mövzu ilə bağlı Zefer.media – ya açıqlamasında Azərbaycan Milli Məclisinin VI və VII çağırış deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, neftin dünya bazar qiymətlərində artımı davam edir:

“Son məlumatlara əsasən, “Brent” markalı neftin qiyməti 115 dollara çatıb ki, bu da bir gün ərzində təxminən 7%-lik artım deməkdir. Neft qiymətlərinin yüksəlməsi bir tərəfdən ixracatçı ölkələrə daxil olan valyuta axınını artırsa da, digər tərəfdən qlobal miqyasda qiymət artımını sürətləndirir və inflyasiya təzyiqlərini gücləndirir. Xüsusilə Yaxın Şərqdə davam edən gərginlik və müharibə riskləri həm region ölkələri, həm də dünya iqtisadiyyatı üçün mənfi təsirlər yaradır.
Mütəxəssislərin fikrincə, bu şəraitdə qlobal iqtisadi artım tempinin əvvəlki proqnozlardan daha aşağı olması, eyni zamanda qiymətlərin gözləntilərdən yüksək qalması ehtimalı artır. Enerji bazarlarında qeyri-sabitlik davam etdikcə neft qiymətlərində yeni artımlar da müşahidə oluna bilər.
Azərbaycan isə regionda sülh və əməkdaşlığın tərəfdarıdır. Ölkə münaqişələrin qısa müddətdə başa çatmasını və problemlərin danışıqlar yolu ilə həllini dəstəkləyir. Bu yanaşma həm də neft bazarında sabitliyin təmin olunmasına xidmət edir.
Bununla yanaşı, Azərbaycan hökuməti qlobal iqtisadi təsirlərin ölkə iqtisadiyyatına mənfi təsirini minimuma endirmək istiqamətində tədbirlərini davam etdirir. Xarici borcun aşağı səviyyədə saxlanılması, maliyyə dayanıqlığının gücləndirilməsi və iqtisadi sabitliyin qorunması bu siyasətin əsas istiqamətləridir”.
Aytən Yalçınqızı




