• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.2° Weather Ashburn
$
1.7
€
1.9747
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Novruzun son müjdəçisi - İlaxır çərşənbə haqqında nə bilirik?

17 Mart, 26 / 14:55
A A

Novruz ərəfəsində qeyd olunan, bayramın sonuncu çərşənbəsi – Torpaq çərşənbəsi xalqımızın ən qədim və zəngin ənənələrindən biri hesab olunur. Ona el arasında “İlaxır çərşənbə”, “Axır çərşənbə” də deyilir.

Həmin gün insanlar evlərini təmizləyir, süfrələrini bəzəyir, tonqal qalayır, papaq atlr, bir-birindən maraqlı inancları, adətləri həyata keçirirlər, köhnə ilin bütün ağırlıqlarını geridə qoymağa və yeni ili xoş niyyətlərlə qarşılamağa çalışırlar.

Mövzu ilə əlaqədar fikirlərini bölüşən Azərbaycan Turizm və Menecment Universitetinin Professoru, tarix elmləri doktoru Minaxanım Əsədova Zefer.media-ya müsahibəsində bildirib ki, İlaxır çərşənbə bütün ünsürlərin birləşib həyat yaratdığı son mərhələdir:

“Novruz Bayramı xalqımızın ən qədim və zəngin mənəvi dəyərlərini əks etdirən xüsusi günlərdən biridir. Bu bayram əsrlər boyu formalaşmış mədəniyyətimizdə, milli adət-ənənələrimizdə və həyat tərzimizdə öz dərin izini saxlayıb. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Novruzun qeyd olunması daha geniş vüsət alıb, dövlət səviyyəsində təntənəli şəkildə təşkil edilməyə başlanıb.

Müasir dövrdə milli mədəniyyətlərin qorunması və qloballaşma şəraitində yaşadılması hər bir xalq üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Novruzun 2009-cu ildə UNESCO-nun reprezentativ siyahısına daxil edilməsi və 2010-cu ildə BMT Baş Assambleyasının 21 mart tarixini “Beynəlxalq Novruz Günü” elan etməsi bu bayramın beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.

Novruz yenilənmə, birlik və ümid rəmzidir. O, təbiətin oyanmasını, qışın sona çataraq həyatın yenidən canlanmasını ifadə edir. Təbiətdə baş verən bu dəyişikliklər insan həyatında da öz əksini tapır: ev-eşik təmizlənir, insanlar mənəvi olaraq saflaşmağa çalışır, küsülülər barışır, qarşılıqlı hörmət və səmimiyyət güclənir. Bütün bunlar insanın təbiətlə və həyatın təbii ritmi ilə vəhdətdə olduğunu bir daha göstərir.

İlaxır çərşənbə su, od, yel və torpaq ünsürlərinə həsr olunmuş çərşənbələrin sonuncusu hesab olunur. Bu ardıcıllıq qədim inanclara əsaslanır və təsadüfi deyil. İnsanlar belə düşünürdülər ki, həyatın yaranması və davam etməsi üçün bu ünsürlər mərhələli şəkildə canlanmalıdır.

Su çərşənbəsi ilə saflaşma və həyatın başlanğıcı qoyulur, od çərşənbəsi istilik və enerji gətirir, yel çərşənbəsi isə təbiətə hərəkət və canlılıq verir. Nəhayət, torpaq çərşənbəsində, yəni İlaxır çərşənbədə bütün bu proseslər tamamlanır və həyat tam şəkildə formalaşmış sayılır. Bu baxımdan İlaxır çərşənbə bütün ünsürlərin birləşərək həyat yaratdığı yekun mərhələ kimi qəbul edilir.

Bu gün təbiətdə də ciddi dəyişikliklər hiss olunur: torpaq isinmiş və “oyanmış” sayılır, bitkilərin cücərməsi üçün əlverişli şərait yaranır, günlər uzanır və hava daha sabit olur. Qədim dövrdə insanlar üçün bu, sadəcə fəsil dəyişməsi deyil, həyatın yenidən başlanması demək idi. Xüsusilə əkinçiliklə məşğul olanlar üçün bu dövr yeni ilin və dolanışığın başlanğıcı sayılırdı. Elə buna görə də İlaxır çərşənbə təbiətin tam oyanmasının son və ən mühüm mərhələsi kimi dəyərləndirilirdi”.

Kulturoloq qeyd edib ki, Torpaq çərşənbəsi Novruz bayramına aparan ən vacib mərhələdir və bu gün müxtəlif adət-ənənələr, inanclar və mərasimlərlə qeyd olunur:

“İlaxır çərşənbə Novruza aparan ən son və birbaşa keçid mərhələsi kimi qəbul olunur. Bu günə qədər görülən bütün hazırlıqlar artıq tamamlanır: evlər təmizlənir, bayram süfrələri qurulur, insanlar isə mənəvi olaraq köhnə ili yola salmağa hazırlaşır. Bu baxımdan İlaxır çərşənbə köhnə ilə yeni ilin qovuşduğu xüsusi bir hədd kimi dəyərləndirilir. Ondan sonra isə Novruz başlayır və həyatın yeni mərhələsi açılır.

Məhz buna görə də ən çox inanclar və mərasimlər bu günə təsadüf edir. İnsanlar ürəklərində niyyət tutur, gələcəklə bağlı arzular diləyir, küsülülər barışır və birlik, həmrəylik daha da möhkəmlənir. İlaxır çərşənbə bütün çərşənbələrin məntiqi nəticəsi, təbiətin tam oyanmasının rəmzi və Novruza keçidin ən vacib mərhələsi hesab olunur. Bu gün həm təbiətdə, həm də insan həyatında yenilənmənin tamamlandığını və yeni başlanğıca hazır olunduğunu göstərir.

Qədim adət və inanclar Torpaq çərşənbəsi ilə bağlı inanclara görə, bu gündə torpaq artıq “oyanmış” hesab olunur. İnsanlar düşünürdülər ki, məhz bu vaxtdan etibarən əkin-biçin mövsümünə başlamaq olar. İlk toxumun səpilməsi uğurlu sayılır, torpağa hörmət əlaməti olaraq isə onu boş yerə narahat etməməyə çalışırdılar.

Bu günün əsas rituallarından biri tonqal qalamaqdır. İnsanlar həyətlərdə od qalayır, onun üzərindən tullanaraq “ağırlığım-uğurluğum odda qalsın” deyirdilər. Bu hərəkət həm fiziki, həm də mənəvi təmizlənmə kimi qəbul edilirdi.

Bayram süfrəsinin hazırlanması və pay vermək də mühüm adətlərdəndir. Müxtəlif şirniyyatlar hazırlanır, süfrə bəzədilir, qonşulara və ehtiyacı olanlara pay aparılırdı. Bu ənənə bolluq, xeyirxahlıq və paylaşma niyyətini ifadə edirdi.

Eyni zamanda ev-eşikdə geniş təmizlik işləri görülürdü. Köhnə və yararsız əşyalar atılır, evlər səliqəyə salınırdı. Bu, yeni ilə təmiz və saf şəkildə başlamağın rəmzi sayılırdı.

Su ilə bağlı inanclar da geniş yayılmışdı. İnsanlar axar suyun üzərindən tullanır, su ilə üzlərini yuyur və ya suya niyyət edirdilər. Su burada saflaşma, təmizlik və uğur gətirən bir ünsür kimi qəbul olunurdu.

Bu inancların yaranma səbəbləri Bu adət və inancların əsasını insanların təbiətlə sıx bağlılığı təşkil edirdi. Qədim dövrlərdə həyat tamamilə təbiətin ritmlərinə uyğun qurulurdu və torpağın “oyanması” birbaşa dolanışıq mənbəyi olan əkinçiliyin başlanğıcı demək idi. Buna görə də torpaq müqəddəs sayılırdı.

Digər mühüm səbəb isə dövri yenilənmə ideyası idi. Qış dövrü durğunluq və “ölüm”, yaz isə dirçəliş və həyat kimi qəbul olunurdu. Bu keçid insanlarda təmizlənmə və yenilənmə ilə bağlı müxtəlif ritualların yaranmasına səbəb olmuşdur.

Qədim inanclarda od, su və torpaq kimi ünsürlər xüsusi əhəmiyyət daşıyırdı. Od təmizləyici güc, su həyat və saflıq, torpaq isə bolluq və bərəkət mənbəyi kimi qəbul edilirdi. Bu səbəbdən çərşənbələr də məhz bu təbii ünsürlərlə əlaqələndirilmişdir.

Bundan əlavə, sosial həmrəylik də bu ənənələrin formalaşmasında mühüm rol oynamışdır. Kənd həyatında insanlar bir-birinə bağlı şəkildə yaşayırdı və paylaşma, qonaqpərvərlik, barış kimi dəyərlər cəmiyyətin bütövlüyünü qoruyurdu.

Torpaq çərşənbəsi ilə bağlı adət və inanclar sadəcə folklor nümunələri deyil. Onlar insanların təbiətə bağlılığını, həyatın yenilənməsinə olan inamını və cəmiyyət daxilində birlik ehtiyacını əks etdirən qədim dünyagörüşünün bu günə qədər gəlib çatan canlı təzahürüdür.

Müasir dövrdə Torpaq çərşənbəsinin qeyd olunmasıfərqli formada görünür. Tonqal qalamaq adəti nisətən davam edir. Həyətlərdə və bəzi ictimai məkanlarda tonqallar qalayır, gənclər onların üzərindən tullanırlar. Lakin bu  daha çox simvolik xarakter daşıyır. Böyük şəhərlərdə isə təhlükəsizlik səbəbindən tonqal adəti məhdud şəkildə icra olunur.

Bayram süfrələri də qurulur, amma əvvəlki kimi hər ailədə geniş hazırlıq olmaya bilir. Ənənəvi şirniyyatlar – paxlava, şəkərbura, qoğal saxlanılır, lakin hazır məhsulların istifadəsi daha çox yayılıb.

Yaz təmizliyi ənənəsi qorunur, amma əvvəllər olduğu kimi uzun və ritual xarakter daşımır; daha praktik və gündəlik təmizlik forması üstünlük təşkil edir.
Əvvəllər insanlar əsasən üzbəüz görüşüb təbrik edirdilər. İndi telefon və sosial media vasitəsilə bayramlaşmaq daha geniş yayılıb.
Şəhərlərdə konsertlər, şənliklər təşkil olunur, məktəblərdə və müxtəlif təşkilatlarda Novruz və çərşənbələrə həsr olunmuş tədbirlər keçirilir.

Müasir dövrdə fərqli cəhətlər sadələşmədir. Bir çox qədim inanclar, məsələn torpağa xüsusi rituallar, artıq geniş yayılmayıb. Adətlər daha çox simvolik məna daşıyır. Səbəblərdən şəhərləşmənin təsirini qeyd etmək lazımdır. Kəndlərdə bəzi ənənələr daha canlı qorunur, şəhər həyatında isə məkan və həyat tərzi səbəbilə bir sıra adətlər azalır. Əvvəllər hər şey evdə hazırlanırdı, indi isə şirniyyatlar və bayram atributları çox vaxt hazır alınır. Burada Texnologiyanın rolunu da qeyd etmək lazımdır. Bayramlaşma və paylaşım sosial şəbəkələr üzərindən həyata keçirilir, Novruz və çərşənbə ilə bağlı məlumatlar daha geniş yayılır. Canlı ünsiyyət nisbətən zəifləyir. Sosial münasibətlərdə dəyişiklik də görünür. Əvvəllər qonşuluq əlaqələri daha sıx idi, indi isə qeyd etmə daha çox ailə daxilində olur.

Torpaq çərşənbəsi müasir dövrdə də yenilənmə, birlik və təbiətə bağlılıq ideyasını qoruyur. Lakin şəhərləşmə, texnologiya və həyat tərzinin dəyişməsi onun qeyd olunma formasını daha rahat, simvolik və fərdi xarakterə çevirib”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Cəmiyyət

Ali məktəblərə 2-ci cəhd imtahanına qeydiyyat niyə tez aparılır? - ARAŞDIRMA

İyun 6, 2026
Cəmiyyət

Yağıntılı hava ayın neçəsinə kimi davam edəcək?

İyun 5, 2026
Manşet

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

İyun 5, 2026
Cəmiyyət

İlham Əliyev bu şəxsləri təltif edib

İyun 5, 2026
Manşet

Prezidentdən sərəncam

İyun 5, 2026
Cəmiyyət

“Azərbaycana lazımı kömək göstərilir”

İyun 5, 2026

XƏBƏR LENTİ

Gəmiyə hücum zamanı yaralanan vətəndaşlarımız AzTV-yə nələri danışdılar? – EKSKLÜZİV AÇIQLAMALAR

06 İyun, 26 / 15:30

Azərbaycanda ilk su ölçmə sistemi Ağstafada quruldu

06 İyun, 26 / 14:32

Ali məktəblərə 2-ci cəhd imtahanına qeydiyyat niyə tez aparılır? - ARAŞDIRMA

06 İyun, 26 / 13:47

Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

05 İyun, 26 / 23:19

Həlak olan azərbaycanlılardan ikisinin kimliyi bilinib

05 İyun, 26 / 17:14

Yağıntılı hava ayın neçəsinə kimi davam edəcək?

05 İyun, 26 / 17:12

İsrailin Livanın cənubuna hücumları ilə bu qədər şəxs həlak olub

05 İyun, 26 / 17:09

Ərdoğan: Qlobal sistem bir çox fürsəti boşa verdi

05 İyun, 26 / 17:01

Fərid Əhmədov Zəngilanda vətəndaşları qəbul edib

05 İyun, 26 / 16:27

Polşa Baş nazirinin müavini UPA vasitəsilə ukraynalılara məktub yazdı

05 İyun, 26 / 16:20

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.