İsrailin Baş naziri Binyamin Netanyahunun yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə keçirdiyi toplantıda İrana qarşı hərbi hücumun qaçılmaz olduğunu bildirdiyi iddia edilib.
Zefer.media “Channel 13” telekanalının məlumatına görə xəbər verir ki, Netanyahu ötən gecə keçirilən təhlükəsizlik toplantısında İrana qarşı hücumun qaçılmaz olduğunu deyib.
Telekanala danışan yüksək vəzifəli israilli hərbi rəsminin sözlərinə görə, İsrail ordusu ilə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) arasında razılaşdırılmış və təsdiqlənmiş planlar mövcuddur.
“Burada məsələ yalnız zamanlamadan ibarətdir”, – deyə rəsmi bildirib.
O, hər iki ölkənin ABŞ Prezidenti Donald Trampın hansı addımı atacağına qərar verməsini və bunun üçün uyğun zamanı gözlədiyini qeyd edib.
Bu açıqlama CENTCOM-un komandanı admiral Bred Kuperin dünən İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın direktoru Roman Qofman da daxil olmaqla, yüksək vəzifəli hərbi rəsmilərlə görüşündən sonra səsləndirilib.
Kuper bu təmaslardan sonra Səudiyyə Ərəbistanına səfər edib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının komandanı vitse-admiral Kurt Renşou da noyabrın 13-də İsrailə gələrək hərbi rəsmilərlə iki ölkənin hərbi dəniz qüvvələri arasında koordinasiya və əməkdaşlığı, eləcə də “müxtəlif cəbhələrdə aparılan əməliyyatlar çərçivəsində həyata keçirilən dəniz fəaliyyətlərini” müzakirə edib.
Mossad-ın direktoru Roman Qofman isə Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri ilə İrana qarşı mümkün hücumları müzakirə etmək üçün noyabrın 13-də Vaşinqtona səfər edib.
Bu təmaslardan sonra CENTCOM-un İsrail ordusunu İrana qarşı mümkün yeni hücumlara hazır olmağa çağırdığı iddia edilmişdi.
İsrail mətbuatı seçkilərdəki uğursuzluqdan sonra Netanyahunun İrana qarşı hücumların yenidən başlanmasını istədiyini yazır.
Noyabrın 12-də İsrail mediasında yayılan xəbərlərdə Tramp və Netanyahunun İrana qarşı hücumların yenidən başlayıb-başlamayacağı ilə bağlı həftəsonu telefon danışığı zamanı bir-birlərinə qışqırdıqları iddia edilmişdi.
Tramp isə hazırda İrana qarşı yeni hərbi əməliyyatın keçirilməsinə ehtiyac olduğunu düşünmədiyini açıqlamışdı.
Lalə Qurbanlı




