NATO İtaliyada hər il keçirilən “Steadfast Noon” (“Sarsılmaz günorta”) adlı hərbi təlimlərə başlayıb. Təlimlər zamanı alyansın ərazisinin nüvə silahlarından istifadə etməklə müdafiəsi üzrə ssenarilər məşq edilir.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə n-tv NATO-nun Belçikanın Mons şəhərində yerləşən hərbi qərargahının nümayəndəsinə istinadən məlumat yayıb. Oktyabrın 23-dək davam edəcək təlimlərdə 17 ölkənin hərbçiləri iştirak edir.
Almaniya İtaliyanın şimalındakı Aviano aviabazasına 33-cü taktiki aviasiya qanadına məxsus üç “Tornado” qırıcı-bombardmançı təyyarəsi göndərib. Almaniya Hərbi Hava Qüvvələrinin məlumatına görə, təlimlərə ölkədən bir neçə onlarla hərbçi cəlb olunub.
Bu təyyarələr adətən Almaniyanın Reynland-Pfalts federal torpağındakı Büxel aviabazasında yerləşir. Burada NATO-nun nüvə silahlarının birgə istifadəsi proqramı çərçivəsində zərurət yarandıqda Almaniya təyyarələri ilə istifadə edilə bilən ABŞ nüvə silahları saxlanılır.
NATO builki təlimlərin konkret ssenarisini açıqlamayıb. Alyansın bildirdiyinə görə, manevrlərin miqyası ötənilki təlimlərlə müqayisə edilə bilər. Həmin təlimlərdə təxminən 2 min hərbçi və “F-35” qırıcıları, müşahidə təyyarələri və yanacaqdolduran təyyarələr də daxil olmaqla 70-dən çox hava vasitəsi iştirak edib.
Bu cür təlimlər zamanı hərbçilər nüvə sursatlarının yeraltı anbarlardan təyyarələrə daşınmasını və qırıcıların üzərinə quraşdırılmasını məşq edirlər. Bununla belə, təlimlərdə nüvə başlığı olmayan tədris bombalarından istifadə olunur.
Aytən Yalçınqızı




