Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə daxil olmasının ikinci ildönümündə Rusiya İstintaq Komitəsi itkilər və dəymiş zərərlə bağlı yeni statistika açıqlayıb.
Zefer.media xarici KİV-ə istinadən xəbər verir ki, Komitənin məlumatına görə, hadisələr nəticəsində 640 mülki şəxs həlak olub, 561 nəfər yaralanıb. Dəymiş maddi zərər isə təxminən 505 milyard rubl qiymətləndirilib.
Bununla belə, açıqlanan rəqəmlərin Rusiya hökumətinin digər qurumlarının daha əvvəl təqdim etdiyi məlumatlarla üst-üstə düşmədiyi bildirilir.
Belə ki, Kursk vilayətinin rəhbərliyi daha əvvəl ümumi zərəri 750 milyard rubl səviyyəsində qiymətləndirmişdi. Bundan başqa, İstintaq Komitəsi 186 yaşayış məntəqəsində araşdırma apardığını açıqlasa da, Rusiya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin nəzarətinə keçdiyini bildirdiyi yaşayış məntəqələrinin sayının 59 olduğunu qeyd etmişdi.
Məlumata əsasən, hadisələrlə bağlı indiyədək 711 cinayət işi açılıb.
Aytən Ağazadə

















