ABŞ-nin Tennessi ştatında edam cəhdindən sağ çıxan 50 yaşlı Krista Payk artıq danışa bilir. Bu barədə onun vəkilləri məlumat veriblər. Payk ötən həftə ona iki doza pentobarbital vurulduqdan sonra hələ də xəstəxanada qalır. Bildirilir ki, preparat gözlənilən təsiri göstərməyib.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, prosedurdan sonra Payk bir neçə gün huşsuz vəziyyətdə qalıb və süni tənəffüs aparatına qoşulub. Onun müdafiə tərəfinin məlumatına görə, Paykın əlləri ciddi zədələnib. Ehtimallardan birinə əsasən, preparat venaya deyil, ətraf toxumalara yeridilmiş ola bilər.
Tennessi qubernatoru Bill Li digər edamların icrasını dayandırıb və baş verənlərlə bağlı müstəqil araşdırma aparılmasına göstəriş verib. Paykın vəkilləri isə ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəzlənməsinə nail olmağa çalışırlar.
Bu iş ABŞ-da edam hökmünün icrası ilə bağlı qeyri-adi hüquqi presedent yarada biləcək bir hadisəyə çevrilir.
Pərvin Hacıyeva




