Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan üçtərəfli müdafiə paktının İrana qarşı yönəlməsindən narahat olmadıqlarını bildirib.
Zefer.media xəbər verir ki, Bəqayi mətbuat konfransında deyib:
“İranın Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ilə dərin dini, tarixi və mədəni əlaqələri var və bu səbəbdən sözügedən sazişi İrana qarşı yönəlmiş addım kimi qiymətləndirmək üçün əsas görmür”.
Bəqayi üç ölkə arasında imzalanan sazişin region dövlətlərinin təhlükəsizlik məsələlərinə yanaşmasında dəyişiklikdən xəbər verdiyini bildirib.
Onun sözlərinə görə, region ölkələri təhlükəsizlik məsələsində ABŞ və digər aktorlara etibar edə bilməyəcəkləri qənaətinə gəliblər və bunun əvəzinə öz imkanlarına və regional perspektivlərinə əsaslanan yanaşmanı sınamağa qərar veriblər.
Zərintac Mayisqızı

















