İran ABŞ-ın hərbi obyektlərinə ardıcıl hücumlarından sonra Yaxın Şərqdə yerləşən ABŞ bazalarına yeni raket və dron zərbələri endirdiyini açıqlayıb.
Zefer.media xəbər verir ki, İranın yaydığı məlumata görə, hücumlar Suriya, Bəhreyn, Küveyt, İordaniya və Qətərdə yerləşən ABŞ hərbi obyektlərini hədəf alıb. Bildirilir ki, Suriyanın Əl-Tanf bölgəsindəki ABŞ xüsusi əməliyyatlar komandanlıq mərkəzinə də ilk dəfə birbaşa zərbə endirilib.
ABŞ Mərkəzi Komandanlığı isə İranın hərbi imkanlarını zəiflətmək məqsədilə Qeşm adası, Bəndər-Abbas ətrafı və digər strateji obyektlərə yeni hava zərbələri endirdiyini açıqlayıb.
“Qırıcı təyyarələr, pilotsuz uçuş aparatları və hərbi gəmilər vasitəsilə İranın sahil müdafiəsi, hava hücumundan müdafiə sistemləri, hərbi logistika infrastrukturu və dəniz imkanları daxil olmaqla onlarla hərbi hədəf dəqiq sursatlarla vurulub”, – deyə ABŞ Mərkəzi Komandanlığının bəyanatında bildirilib.
Məlumata görə, qarşılıqlı hücumlar nəticəsində Hörmüz boğazında gəmiçilik fəaliyyəti yenidən ciddi şəkildə məhdudlaşıb. Bu isə qlobal enerji bazarında narahatlığı artıraraq neft qiymətlərinin yüksəlməsinə səbəb olub.




