Hindistanın Maharaştra ştatında xəstəxananın yeni doğulmuşlar şöbəsində baş verən yanğın nəticəsində üç körpə həyatını itirib.
Zefer.media Hindistan Times-a istinadən xəbər verir ki, hadisə Amravati şəhərindəki rayon xəstəxanasının üçüncü mərtəbəsində yerləşən Yenidoğulmuşların Reanimasiya şöbəsində baş verib.
Məlumata görə, yanğın səhər saat 03:30 radələrində süni tənəffüs aparatında baş verən partlayışdan sonra başlayıb. Həkimlər, tibb bacıları və digər əməkdaşlar dərhal təxliyə əməliyyatına başlayıblar. Şöbədə olan 39 yeni doğulmuş körpədən bir neçəsi xilas edilib, altı körpə isə əlavə müalicə üçün başqa xəstəxanaya köçürülüb.
Hadisə ilə bağlı polis araşdırmaya başlayıb. Yanğının dəqiq səbəbləri araşdırılır.
Maharaştra ştatının gəlir naziri Çandraşexar Bavankule hadisədən kədərini ifadə edərək hökumətin ölən körpələrin ailələrinə lazımi yardımı göstərəcəyini bildirib.
Qeyd edək ki, Hindistanda şənbə günü Madhya Pradeş ştatında da oxşar hadisə baş verib. Çhindvara Rayon Xəstəxanasının Yenidoğulmuşların Reanimasiya şöbəsində qızdırıcının naqilində yaranan qığılcım nəticəsində yanğın çıxıb və üç yeni doğulmuş körpə yanıq xəsarətləri alıb. Hadisə zamanı şöbədə olan digər 30 körpə əməkdaşlar tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Qəmər Kazımzadə

















