Çinin Milli Meteorologiya Mərkəzi (NMC) bazar ertəsi tayfunlar və güclü konvektiv hava şəraiti ilə bağlı mavi, leysan yağışları ilə bağlı isə sarı səviyyəli xəbərdarlıq elan edib. Proqnoza görə, bir neçə tayfun ölkənin ayrı-ayrı bölgələrində güclü yağışlara və küləklərə səbəb olacaq.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Çin Meteorologiya Administrasiyası da bazar ertəsi günorta saatlarında ciddi meteoroloji fəlakətlərə qarşı fövqəladə hallara reaksiya səviyyəsini IV səviyyədən III səviyyəyə yüksəldib.
NMC-nin məlumatına görə, bazar ertəsindən çərşənbə gününədək Fucyən, Quanqdonq, Quansi və Haynan əyalətlərinin bəzi bölgələrində güclü yağışlar gözlənilir. Beibuvan körfəzində, Tayvan boğazında və Şərqi Çin dənizində, eləcə də onların sahilyanı ərazilərində güclü küləklər əsəcəyi proqnozlaşdırılır.
Bazar ertəsi Lyaonin və Cilin əyalətlərinin bəzi bölgələrində güclü yağışlar yağacaq. Çərşənbə axşamından etibarən isə güclü yağış zolağının Çinin şimal-qərbinin şərq hissəsi, Şimali Çin və Şimal-Şərqi Çin ərazilərindən şərq istiqamətində keçəcəyi gözlənilir. Yağışlarla yanaşı, güclü konvektiv hava hadisələri də baş verə bilər.
İlin 19-cu tayfunu olan “Narra” bazar ertəsi saat 16:00-da Çinin cənubundakı Quansi Çjuan Muxtar Rayonunun Beihay şəhərindən təxminən 260 kilometr cənub-qərbdə, dənizdə yerləşib. Tayfunun mərkəzinə yaxın ərazidə küləyin maksimal sürəti saniyədə 23 metr olub.
NMC-nin məlumatına görə, “Narra” bazar ertəsi gecəsindən etibarən şərq istiqamətində hərəkət edəcək, daha sonra isə saatda 5–10 kilometr sürətlə şimala doğru irəliləyəcək. Tayfunun Quansidən Quanqdonq əyalətinin qərbində yerləşən Leyçjou yarımadasına qədər olan sahilyanı ərazilərə tədricən yaxınlaşacağı gözlənilir.
Çinin Milli İnkişaf və İslahat Komissiyası “Narra” tayfununun artıq güclü yağışlara və daşqınlara səbəb olduğu Quansi bölgəsində fövqəladə bərpa işlərinə dəstək məqsədilə mərkəzi büdcədən 50 milyon yuan (təxminən 7,37 milyon ABŞ dolları) vəsait ayırıb.
Komissiyanın məlumatına görə, ayrılan vəsait əsasən zədələnmiş yolların, su təsərrüfatı infrastrukturlarının, məktəblərin və xəstəxanaların bərpasına yönəldiləcək. Məqsəd normal istehsal fəaliyyətinin və gündəlik həyatın mümkün qədər tez bərpa olunmasına kömək etməkdir.
İlin 20-ci tayfunu olan “Gaenari” isə bazar ertəsi saat 12:30 radələrində Çinin şərqindəki Fucyən əyalətinin Tsyuantszyou şəhəri sahillərinə çıxıb. Bu barədə yerli meteoroloji observatoriya məlumat yayıb.
Eyni zamanda, NMC bildirib ki, bu ilin 18-ci tayfunu olan “Saudel” çərşənbə günü Şərqi Çin dənizinə daxil olacaq və Çinin şərq sahillərinə tədricən yaxınlaşacaq.
Pərvin Hacıyeva

















