• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.1° Weather Ashburn
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Cibimizdəki gizli kazino: Onlayn qumar tələsinin rəqəmsal, psixoloji və hüquqi üzü

06 İyul, 26 / 10:46
A A

İnsanlıq tarixi qədər qədim olan, lakin hər dövrün rənginə və texnologiyasına uyğunlaşaraq sağ qalmağı bacaran nadir bəlalar var. Qumar da bunlardan biridir. Qədim Misirdə tapılan zərlərdən, Roma imperiyasındakı gizli mərc oyunlarından tutmuş XIX-XX əsrin dumanlı kazino salonlarına qədər bu asılılıq həmişə eyni prinsiplə işləyib: risk, adrenalin və qazanmaq illyuziyası. Lakin tarix boyu qumar fərdlərin və cəmiyyətlərin gizli künclərində, müəyyən olunmuş məkanlarda sıxışıb qalırdı. Onu tapmaq, ona cəlb olunmaq üçün müəyyən bir coğrafi addım atmaq, sosial sərhədləri keçmək lazım idi.

Bu gün isə mənzərə tamamilə dəyişib. XXI əsrin gətirdiyi rəqəmsallaşma dalğası bu qədim bəlanın formasını və miqyasını kökündən yenilənib. İndi qumar oynamaq üçün böyük şəhərlərin işıqlı kazinolarına getməyə, yaxud gizli zirzəmilərə enməyə ehtiyac yoxdur. Təhlükə artıq hər birimizin cibində, smartfonların parlaq ekranlarında, cəlbedici mobil tətbiqlərdə və sosial şəbəkə reklamlarındadır. Virtual qumar artıq sadəcə bir oyun deyil; o, arxasında nəhəng alqoritmlərin, psixoloji manipulyasiyaların və qlobal şəbəkələrin dayandığı görünməyən bir sənayedir.

Əgər keçmişdə qumar yalnız müəyyən bir yaş qrupunun və ya sosial təbəqənin problemi idisə, hazırda onlayn platformaların əlçatanlığı bu sərhədləri tamamilə silib. Bir kliklə başlayan bu “əyləncə” qısa müddətdə şəxsiyyətin deqradasiyasına, ailələrin dağılmasına və hüquqi cinayətlərə yol açan sosial bir böhrana çevrilir. Bəs rəqəmsal dünyanın bu cəlbedici tələsi necə qurulur ?

Virtual qumar sənayesi təsadüfən böyümür. Onlayn platformalarda istifadə olunan alqoritmlər insanı ekrana bağlamaq üçün xüsusi olaraq dizayn edilir. Sosial şəbəkələrdə qarşımıza çıxan “asayişi pozmayan”, rəngbərəng və cəlbedici oyun reklamları əslində birbaşa hədəf kütləsinin rəqəmsal ayaq izlərinə uyğun olaraq süni intellekt tərəfindən idarə olunur. Günümüzdə qumar, qanunların boşluqlarından və internetin qlobal, sərhədsiz təbiətindən istifadə edərək sürətlə leqallaşmağa və adiləşməyə doğru gedir.

Məsələnin ən düşündürücü tərəfi də elə budur: texnoloji inkişaf bu bəlanı gözəgörünməz edib. Mövzunun bu texnoloji və transformasiya tərəfləri barədə Zefer.media – ya açıqlama verən İKT üzrə mütəxəssis Fərhad Mirzəliyev vəziyyətin kökünü belə izah edir:

” Söhbət əslində illərdir bildiyimiz, lakin forması dəyişən ciddi bir psixoloji asılılıqdan gedir. Mərc oyunları rəqəmsal formada mövcud olmamışdan əvvəl də fiziki şəkildə həyatımızda var idi. Müxtəlif mərc kontorları fəaliyyət göstərirdi, insanlar burada müəyyən məbləğlər qəbul edir və ya bu qəbildən olan müxtəlif oyunlarda iştirak edirdilər.

Texnologiyaların inkişafı ilə həmin oyunlar da transformasiya olunaraq rəqəmsal mühitə keçib və hazırda tətbiqlər, eləcə də internet saytları vasitəsilə istifadəçilərə təqdim olunur”.

 

​Müsahibimizin toxunduğu sözügedən transformasiya nöqtəsi bizi çox vacib bir reallıqla üz-üzə qoyur: rəqəmsal qumar artıq maddə asılılığı qədər təhlükəli bir xəstəlikdir. Tibbi və elmi araşdırmalar sübut edir ki, smartfon ekranında qazanılan kiçik bir oyun qalibiyyəti beyində narkotik maddələrin yaratdığı dopamin (həzz hormonu) partlayışı ilə eyni reaksiyanı verir. Ekspert də bu paralelliyi təsdiqləyərək xəbərdarlıq edir:

“Əlbəttə ki, istər əvvəlki, istərsə də indiki formada bu, olduqca zərərli asılılıq növüdür. Necə ki, alkoqollu içkilər və narkotik vasitələr insanların həyatına mənfi təsir göstərir, eyni şəkildə mərc oyunlarından yaranan asılılıqların da çox sayda insanın həyatını ciddi şəkildə mənfi istiqamətdə dəyişdirdiyini müşahidə edirik.

Necə ki, narkotik və alkoqol asılılığından əziyyət çəkən şəxslər müalicə alırlar, mərc oyunlarından yaranan asılılığın müalicəsi ilə məşğul olan reabilitasiya mərkəzləri də mövcuddur.

Texnoloji baxımdan belə saytlar müəyyən edilərək dövlət tərəfindən bloklana və ya fəaliyyətinə məhdudiyyət qoyula bilər. Lakin belə tədbirlər görülsə belə, dövlət tərəfindən lisenziyalaşdırılmış yerli mərc və lotereya oyunları fəaliyyət göstərməkdə davam edir. Buna görə də bu sahənin tamamilə bağlanacağını demək doğru olmaz. Eyni zamanda xarici mərc saytlarının da hamısını tam şəkildə bloklamaq mümkün olmur. Təcrübə göstərir ki, bir sayt bağlandıqdan sonra qısa müddət ərzində onun əvəzinə başqa bir sayt istifadəyə verilir”.

Maddi və texniki qadağaların çarəsiz qaldığı, rəqəmsal filtrlərin keçə bilmədiyi bu nöqtədə isə əsas mübarizə meydanı insanın daxili dünyasına – psixologiyasına keçir. Əgər texnologiya bu tələnin mexaniki tərəfidirsə, insan ruhu niyə bu tələyə könüllü şəkildə düşmək istəyir ?

Problemin psixoloji kökləri barədə danışan psixoloq Gövhər Məmmədova insanı uçuruma aparan daxili mexanizmi belə şərh edir :

“Günümüzün aktual problemlərindən biri kimi tanınan onlayn mərc oyunları da digər asılılıqlar kimi əsasən beyinin mükafat sisteminin düzgün işləməməsi ilə əlaqəlidir. Adıçəkilən asılılıqlara motivasiyaya ehtiyacı olan, ağır maliyyə itkisi yaşayan, həyatında çətin dönəm yaşayan insanlar daha tez məruz qalırlar. Daha bir səbəb isə internetdə çox vaxt keçirməkdir ki, təşviqedici reklamlar, programlar, videolar izləyicidə maraq oyadır, kiçik məbləğlə sınayır daha sonra digərləri kimi aludəçisi olur”.

Müşahidələr də göstərir ki, qumar asılılığından əziyyət çəkən şəxslər müəyyən mərhələdən sonra real dünyadan tamamilə qopurlar. Psixologiyada buna “qumarbazın xətası” (gambler’s fallacy) da deyilir – insan elə zənn edir ki, növbəti gedişdə mütləq bəxti gətirəcək. Psixoloq, beynin o qorxulu kilidlənmə nöqtəsini belə təsvir edir:

“Həmin proses bu cür davam etdikcə beyin digər fikirləri iqnor edir, ancaq bir məsələ üzərinə köklənir – “qazanmaq”. Qazandıqca daha çox qazanmaq, uduzduqca yenidən qalib olmaq istəyir ki, beyninin yalançı “mükafat” ını versin. Onlayn şəkildə olması isə onu hər yerdə hər zaman əlçatan edir və heç cürə uzaq qala bilmir. Lakin sonrakı fəsadlarının onu uçuruma apardığından xəbəri olmur, kənardan müdaxilə edildikdə isə daha da qəzəblənir daha çox oynayır, sonluq isə bəzən intihara belə səbəb ola bilir.

Bunun qarşısını almaq üçün ekran müddətini azaltmaq, ilk başlarda oynanılan məbləği minimuma endirmək, həyatındakı emosional boşluğun səbəbini tapmaq və düzgün şəkildə doldurmağa çalışmaq, gündəlik planlar qurmaq, idmanla məşğul olmaq, kitab oxumaq və başqa özünə inkişafı dəstəkləyən fəaliyyətlərlə məşğul olmaq kömək edəcəkdir. Əgər mümkün deyilsə, yardım almaq tövsiyə olunur”.

Onlayn qumar təkcə texnoloji bir tələ və ya psixoloji bir zəiflik deyil. O, eyni zamanda ölkə qanunvericiliyini, iqtisadi təhlükəsizliyi və ictimai asayişi birbaşa hədəf alan hüquqi bir cinayətdir. İnternet üzərindən idarə olunan bu gizli şəbəkələr çox vaxt vətəndaşların bank kartı məlumatlarını ələ keçirir, xaricə qanunsuz valyuta axını yaradır və fırıldaqçılıq sxemləri ilə işləyir. Dövlətin hüquq-mühafizə orqanları isə sözügedən görünməz cəbhədə virtual cinayətkarlara qarşı kəsərli mübarizə metodları tətbiq edir.

Məsələnin hüquqi tərəfləri, vətəndaşların üzləşə biləcəyi risklər barədə açıqlama verən DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, İnternet resursları, eləcə də informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır. Daxil olmuş məlumatlar əsasında polis əməkdaşları tərəfindən həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində əməliyyat-texniki tədbirlər görülür”.

 

Tez-tez sosial şəbəkələrdə (TikTok, Instagram, Telegram) populyar blogerlərin və ya saxta profillərin onlayn qumar saytlarını reklam etdiyini, insanlara asan qazanc vəd etdiyini görürük. Bir çox gənc bunun sadəcə bir “təbliği-reklam” olduğunu düşünüb cinayət törətdiyinin fərqinə varmır. Lakin qanun qarşısında virtual məkanla real məkan arasında heç bir fərq yoxdur. Nazirlik rəsmisi bu məsələdə qanunun sərt üzünü və məsuliyyət həddini xüsusilə vurğulayıb :

“Qeyd edim ki, sosial şəbəkələrin Azərbaycan seqmentində qanunsuz şans oyunlarının reklamı və təbliğatı, qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama işin hallarından asılı olaraq cinayət, eləcə də inzibati məsuliyyət yaradır.

Bir daha vətəndaşlara qanunsuz mərc və qumar oyunları adı altında sosial şəbəkələrdə təşkil edilən oyunlarda iştirak etməməyi tövsiyə olunur”.

Virtual qumar sənayesinin qızıl bir qaydası var: “Kazino həmişə qazanır.” Ekranda yanıb-sönən rəngli işıqlar, asan qazanc vədləri və “bəlkə bu dəfə bəxtim gətirdi” düşüncəsi sadəcə bir illüziyadır. Bu şəbəkələrin arxasında dayanan böyük alqoritmlər sizin qazanmağınız üçün deyil, sahib olduğunuz hər şeyi – maddi imkanlarınızı, psixoloji sağlamlığınızı, ailənizi və gələcəyinizi əlinizdən almaq üçün proqramlaşdırılıb.

​Bu görünməz müharibədə ən böyük qalibiyyət – heç başlamamaq, ən böyük cəsarət isə əgər bu tələyə düşmüsünüzsə, vaxtında dayanıb peşəkar və hüquqi yardım istəməkdir. Unutmayaq ki, virtual məkanda qoyulan hər qanunsuz mərc, real həyatın tamamilə uduzulması ilə nəticələnir.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Cəmiyyət

İdeal Azərbaycan Qadını: Mehriban Əliyeva Ənənə və Müasirlik Arasında

İyul 19, 2026
Manşet

Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub

İyul 17, 2026
İqtisadiyyat

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı cüzi artıb

İyul 17, 2026
Manşet

"Hələki bunun İranla Suriya arasında birbaşa qarşıdurma yaradacağını düşünmürəm" - Politoloqdan açıqlama 

İyul 17, 2026
Cəmiyyət

ADSEA sədri Füzulidə vətəndaşlarla görüşüb

İyul 17, 2026
Siyasət

Ceyhun Bayramov Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib

İyul 17, 2026

XƏBƏR LENTİ

Şuşa artıq regional deyil, qlobal əhəmiyyətli dialoq məkanıdır – ŞƏRH

19 İyul, 26 / 18:08

İdeal Azərbaycan Qadını: Mehriban Əliyeva Ənənə və Müasirlik Arasında

19 İyul, 26 / 15:38

Milli Məclisin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

18 İyul, 26 / 12:46

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək

17 İyul, 26 / 18:16

Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub

17 İyul, 26 / 18:14

İspaniya Baş naziri ABŞ Prezidenti ilə DÇ-nin finalında görüşəcək

17 İyul, 26 / 18:08

“Evdə tək-2” filminin aktrisası dünyasını dəyişib

17 İyul, 26 / 18:05

Hörmüz boğazında gəmi axını rekord həddə azalıb

17 İyul, 26 / 18:02

SEPAH: “ABŞ-nin qırıcıları və tanker təyyarələri vurulub”

17 İyul, 26 / 17:59

Qəbul imtahanında dörd nəfər 400 bal toplayıb

17 İyul, 26 / 17:36

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.