Yaxın Şərqdəki neft ixracatçıları xam neftin Hörmüz boğazından gizli şəkildə daşınması üçün “shuttle” nəqliyyat sxemi qurublar.
Zefer.media “Bloomberg”ə istinadən xəbər verir ki, tankerlər dəniz dəhlizindən transponderləri söndürülmüş vəziyyətdə keçərək daha sonra Oman körfəzində nefti iri gəmilərə yükləyirlər.
Məlumata görə, bu gizli daşımaların həcmi artıq sutkada 4 milyon bareli ötüb. Analitiklərin fikrincə, bu daşımalar “Brent” markalı neftin qiymətinin bir barel üçün 80–90 dollar civarında qalmasına kömək edir.
Tankerlərin bu üsulla neft daşıması bir neçə aydır davam edir.
Neft Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qətər və Küveytdən ixrac olunur.
Mənbələrin sözlərinə görə, daşımalar zamanı bəzi tankerlər atəşə tutulub, regionda neft sızması hallarının sayı artıb və boğazdan keçid zamanı bir neçə dənizçinin həlak olduğu məlumdur.
Buna baxmayaraq, neft ixracının tempi azalmır.
Ekspertlər bildirirlər ki, bir sıra gəmi sahibləri və ixracatçılar üçün bu marşrut hazırda neft tədarükünü davam etdirməyin yeganə imkanlarından biridir.
Belə daşımaların iştirakçılarından biri BƏƏ-nin dövlət neft şirkəti Abu Dhabi National Oil Co. (ADNOC)-dur. Şirkət rəsmi açıqlamasında gəmilərinə dəfələrlə hücum edilməsinə baxmayaraq, enerjinin dünya bazarlarına təhlükəsiz çatdırılması ilə bağlı öhdəliklərini yerinə yetirməyə davam etmək niyyətində olduğunu bildirib.
Şirkətin məlumatına görə, münaqişənin başlanmasından bu yana ADNOC-a məxsus 23 gəmi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.
Hücumlar nəticəsində bir dənizçi həlak olub, 20 ekipaj üzvü isə yaralanıb.
Aytən Yalçınqızı




