“Cəmiyyətimiz Prezident Zelenskinin rejimi ilə flörtü, xüsusilə də bu, bizim tərəfdaşlarımız və müttəfiqlərimiz tərəfindən edildikdə, qeyd-şərtsiz qəbuledilməz hesab edir”.
Zefer.media xarici mənbələrə görə bildirir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova avqustun 20-də keçirdiyi brifinq zamanı bildirib.
O, bu sözlərlə Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəsinin postsovet ölkələrinin “keçmişdə əldə etdiyi müstəqillikdə” guya payı olduğu barədə açıqlamasını şərh edib.
Bundan əlavə, Zelenski Azərbaycanla münasibətləri gücləndirməyin zəruriliyini qeyd edib və Ermənistanla “uzun fasilədən sonra” əlaqələrin bərpasını vurğulayıb.
Zaxarovanın sözlərinə görə, onun səsləndirdiyi mövqe təkcə ölkənin dövlət qurumlarına deyil, bütün cəmiyyətə aiddir.
“Bu, o məsələdir ki, Kiyev rejiminin terror hücumlarının birbaşa hədəfinə çevrilən və həmin rejimin neonasist mahiyyətini (hazırda bunu açıq şəkildə təbliğ edir) aydın dərk edən vətəndaşlarımız soruşurlar: bəs necə olur ki, bəzi ölkələr, rəsmi nümayəndələr, dövlət qulluqçuları və siyasətçilər bütün bunları görmürlər? Yenə vurğulayıram, söhbət bizim müttəfiqlərimiz, tərəfdaşlarımız və dostlarımız olan ölkələrdən gedir…
Biz, əlbəttə, Kiyevə səfərləri və terrorçuların başçıları ilə qardaşlaşmanı pisləyirik. Onlar rus olan hər şeyi məhv etmək məqsədlərini açıq şəkildə bəyan edirlər, hər gün ölkəmizin mülki obyektlərini atəşə tutur və təkcə Rusiya deyil, digər dövlətlərin, o cümlədən MDB üzvü olan ölkələrin vətəndaşları arasında da dinc sakinləri öldürürlər. Bundan əlavə, onlar dəhşətli cinayətlər törədir və Hitler Almaniyasının bander tərəfdarlarına haqq qazandırırlar. Yeri gəlmişkən, məhz həmin Almaniya üzərində qələbə uğrunda Sovet İttifaqının bütün respublikalarından və millətlərindən milyonlarla vətəndaş həyatını itirib.
Ukrayna xuntasının nümayəndələrini qəbul etməyin, onlarla siyasiləşdirilmiş, guya toplantılarda iştirak etməyin və üstəlik, Rusiyaya qarşı təhdidlər səsləndirmələri üçün onlara tribunalar təqdim etməyin nə naminə lazım olduğunu başa düşmək tamamilə mümkün deyil. Bütün bunları səssizcə izləmək, yoxsa üz döndərib heç nə eşitmədiyimizi və görmədiyimizi göstərmək? Bu sual bunu edən hər kəsə ünvanlanır.
Deyərdim ki, bunu onların vicdanına buraxmaq lazımdır, amma biz bunu belə buraxmayacağıq. Əlbəttə, biz onların vicdanına səslənəcəyik, amma bütün bunları görmədiyimizi göstərməyəcəyik. Çünki onlar belə siyasətin, o cümlədən ölkəmizlə münasibətlər kontekstində hansı risklər daşıdığını tam şəkildə dərk etməlidirlər.
Aydındır ki, Kiyevin tamamilə müflis olmuş qəsbkarının digər ölkələrin müstəqilliyindən danışması yaraşmır. Onların hakimiyyəti nəticəsində Ukrayna müstəqilliyin son işartılarını da tamamilə itirib (bu ifadə mənim xoşuma gəlmir, hesab edirəm ki, Ukraynanı məhz Zelenski müstəqillikdən məhrum edib) və Qərbdəki himayədarlarının maliyyə, iqtisadi və hərbi-texniki “iynəsi” üzərində tamamilə asılı vəziyyətə düşüb. O, ölkəni onilliklər boyu davam edəcək asılılığa salıb, XX əsrin sonu və XXI əsrin əvvəlində yeni formalaşmağa başlayan və ilk addımlarını atan müasir Ukrayna dövlətçiliyi adlandırılan hər şeyi məhv edib.
Lalə Qurbanlı

















