Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci nazirlər səviyyəsində görüşü açılıb. Görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edir.
Zefer.media AZƏRTAC- a istinadən xəbər verir ki, görüş iştirakçıları enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal qaz bazarının sabitliyi, tələb və təklif arasında tarazlığın qorunması, habelə qaz sənayesinə uzunmüddətli investisiyaların cəlb edilməsi məsələlərini müzakirə edirlər.
Gündəliyə texnoloji əməkdaşlıq, təcrübə mübadiləsi, təbii qazın istehsalı, nəqli və emalı sahəsində birgə layihələrin həyata keçirilməsi, dövlətlərin öz qaz ehtiyatlarına suveren hüquqlarının qorunması da daxildir.
Tədbirdə çıxış edən Pərviz Şahbazov təbii qazın etibarlı enerji mənbəyi kimi artan rolunu vurğulayıb. O bildirib ki, artan qaz tələbatının ödənilməsi və qaz hasil edən ölkələrin maraqlarının qorunması milli enerji siyasətinin əsas prioritetləri olaraq qalır.
Nazir qeyd edib ki, Azərbaycan təbii qaz təchizatında davamlı olaraq etibarlı tərəfdaş olub və bu prinsip ölkənin enerji siyasətinin mərkəzindədir.
Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə tərəfdaş ölkələrin nümayəndələri arasında bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.


















