Cavanşir Feyziyev
Milli Məclisin deputatı
Azərbaycanla Vyetnam arasında münasibətlərin əsası hələ sovet dövründə qoyulub. Keçən əsrin 60-cı illərində SSRİ- Vyetnam münasibətləri çərçivəsində yaranan Azərbaycan – Vyetnam əlaqələri kifayət qədər dolğun məzmun ala bilib.
Müstəqilliyimizi bərpa etdikdən sonra qarşılıqlı əlaqələrin yenidən canlanması isə 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri ilə başlayıb. Ötən illər ərzində ölkələrimiz arasında ikitərəfli dialoq uğurla davam etdirilib və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri davamlı olaraq genişləndirilib. Fəal siyasi dialoq hökümətlər və parlamentlər arasında da əlaqələrin genişləndirilməsini təmin edib. Hazırda ölkələrimiz beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər.
Keçən ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni səhifə açdı. Səfər çərçivəsində keçirilən ikitərəfli görüşlərdə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlıq haqqında müzakirələr aparılmış və Azərbaycanla Vyetnam arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizi keyfiyyətcə daha yüksək səviyyəyə qaldıran mühüm sənəddir. Strateji Tərəfdaşlıq münasibətləri ilk növbədə ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin intensivləşdirilməsinə, qarşılıqlı investisiya yatırımlarının stimullaşdırılmasına şərait yaradır. Bununla yanaşı Azərbaycanla Vyetnam arasında energetika, alternativ enerji, ekologiya, inşaat, təhsil və səhiyyə sahələrində də əməkdaşlıq üçün yeni imkanlar açılır.
2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Lakin bu rəqəm real imkanları əks etdirmir və hər iki tərəf belə hesab edir ki, qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensial mövcuddur. Prezient İlham Əliyevin qeyd etdiyi kimi , “bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik”. Mütəxəssislərin fikrincə, həm Azərbaycan və həm də Vyetnam qarşılıqlı ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında genişmiqyaslı əməkdaşlıq etmək üçün kifayət qədər resurslara malikdir. Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradır. 2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb və 8 min tondan çox olub.
Ölkələrimiz arasında iqtisadi münasibətlərin əsas hissəsi enerji sənayesi ilə bağlıdır. 2025-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.
Azərbaycan və Vyetnam arasında mədəni-humanitar əlaqələr bütün dövrlərdə yüksək səviyyədə olub. Sovet dövründən başlayaraq yaradıcı adamlar arasında mövcud olan təmaslar müstəqillik dövründə daha da möhkəmlənib. Hazırda hər iki ölkənin elm, təhsil və sənət sahələrinin təmsilçiləri arasında dostluq və əməkdaşlıq münasibətləri yeni birgə layihələrin icrasına zəmin yaradır. Heydər Əliyev Fondunun bu istiqamətdə apardığı işlər xalqlarımız arasında mədəni əməkdaşlıq platformasını daha da genişləndirir.
Bütün bunlar Azərbaycanın Cənub – Şərqi Asiya regionu ilə təmaslarını daha geniş coğrafiyaya yaymaq və beynəxalq siyasi arenada ölkəmizin nüfuzunu yüksəltmək baxımından olduqca vacibdir.




