Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Azərbaycan tərəfi Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarovanın bəyanatı ilə bağlı izahat gözləyir.
Zefer.media xəbər verir ki, o qeyd edib ki, Zaxarovanın sonuncu brifinqdə səsləndirdiyi fikirlər qəbuledilməz hesab olunub.
“Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Maria Zaxarovanın sonuncu mətbuat brifinqi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın dini xadimlərlə bağlı fikrinə cavab verərkən, mövzu ilə heç bir əlaqəsi olmayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını qeyd etməyə çalışması qəbuledilməzdir”, – deyə Hacızadə bildirib.
O əlavə edib ki, ümummilli lider Heydər Əliyevin adının bu cür şəkildə qeyd olunması onun irsinə və Azərbaycan xalqına hörmətsizlikdir:
“Belə bəyanatlar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun deyil. Diplomatiya intizam, dəqiqlik və məsuliyyət tələb edir, lakin bu cür yersiz bəyanatlar gərginliyi artırır və etimadı zəiflədir. Biz Rusiya tərəfdən bu bəyanatla bağlı izahat gözləyirik”.

















