Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycana dair səsləndirdiyi fikirlər beynəlxalq siyasi gündəmdə diqqət çəkib. O, Azərbaycanın artan siyasi və iqtisadi nüfuzuna toxunaraq bir sıra ölkələrin Bakı ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Vuçiçin bu açıqlamaları Azərbaycan–Serbiya münasibətləri və Azərbaycanın regiondakı rolu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Məsələylə bağlı, Zefer.media – ya açıqlama verən politoloq Əhəd Məmmədli Azərbaycan və Serbiya arasındakı münasibətlərin uzun illərdir qarşılıqlı siyasi və strateji maraqlar əsasında inkişaf etdiyini bildirib :

” Serbiya ilə Azərbaycanın münasibətləri işğaldan əvvəlki dövrdə formalaşmağa başlayıb. Həmin vaxt Serbiyanın Kosovo, Azərbaycanın isə Qarabağ problemi var idi. Oxşar və fərqli məqamlar mövcud olsa da, Azərbaycanın əsas yanaşmalarından biri dövlətlərin ərazi bütövlüyünün tanınmasına əsaslanan siyasət idi və bu çərçivədə Serbiya ilə münasibətlər qurulmuşdu. Qarabağ azad edildikdən sonra da Azərbaycan həmin əlaqələri davam etdirir.
Hazırkı mərhələdə Serbiyanın Azərbaycana daha çox ehtiyacı olduğu görünür. Xüsusilə enerji sahəsində – neft və qaz məsələlərində Serbiya müəyyən mənada Avropada təcrid olunmuş vəziyyətdədir. Bunun səbəblərindən biri Serbiyanın NATO ilə münasibətlərində yaşanan gərginliklərdir. Yuqoslaviyanın dağılmasından sonra Serbiya daxilində parçalanmalar baş verdi, Kosovo nəzarətdən çıxdı, Çernoqoriya isə müstəqilliyini elan etdi. Bu baxımdan Serbiya bu gün Avropada tam inteqrasiya olunmamış ölkələrdən biri kimi qiymətləndirilir.
Azərbaycanın da son dövrlərdə Avropa ilə münasibətlərində müəyyən gərginliklər müşahidə olunur. Xüsusilə Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi bəzi qətnamələr sözügedən münasibətlərə təsir edib. Həmin səbəbdən Azərbaycan daha çox münasibətlərdə qarşılıqlı maraqlara əsaslanan siyasət yürüdür, enerji resurslarını uyğun şərtlərlə tərəfdaş ölkələrə təqdim edir.
Digər tərəfdən, Serbiyanın Balkanlar tarixində müsəlman əhalinin zərər gördüyü münaqişələrdə iştirak etmiş ölkə kimi xatırlandığını və Türkiyə ilə münasibətlərinin də tarix boyu həmişə stabil olmadığını nəzərə alanlar var. Bu baxımdan hesab edilir ki, Azərbaycan beynəlxalq münasibətlərdə addımlarını atarkən həm milli maraqları, həm də türk və müsəlman dünyasındakı ictimai rəyi diqqətdə saxlamalıdır. Çünki bəzi dairələrdə Azərbaycanın İsrail və Serbiya kimi ölkələrlə yaxın münasibətləri birmənalı qarşılanmır və bunun müsəlman coğrafiyasında müəyyən narazılıq yarada biləcəyi düşünülür. Lakin ölkəmiz normal olaraq neytral siyasət yürüdür, heç bir münaqişəyə qoşulmur, əksinə həmişə sülhə, danışıqlara, əlaqələr qurmağa səsləyir.
Ə. Məmmədli WUF13 forumunun Azərbaycanın beynəlxalq arenada özünü tanıtması baxımından diqqət çəkən tədbirlərdən biri hesab olunduğunu qeyd edib:
“WUF13 tədbirinə gəldikdə isə, bu forumun daha çox Azərbaycanın özünü beynəlxalq platformada təqdim etməsi baxımından təşkil olunduğu düşünülür. Lakin tədbirin ölkənin beynəlxalq nüfuzuna ciddi və uzunmüddətli müsbət təsir göstərəcəyi barədə qəti fikir yoxdur. Tədbirdə əsasən Afrika və digər müxtəlif regionlardan iştirakçıların yer aldığı müşahidə olunur. Eyni zamanda belə beynəlxalq tədbirlərin təşkili üçün dövlət büdcəsindən əhəmiyyətli vəsait ayrıldığı qeyd edilir.
Fikrimcə, Azərbaycanın beynəlxalq nüfuzuna daha çox təsir edən amillər nüfuzlu dövlət rəhbərlərinin ölkəyə səfərləri, yüksək səviyyəli siyasi görüşlər və strateji əməkdaşlıq platformalarıdır. Bu baxımdan bəzi şəxslər hesab edir ki, WUF13 kimi forumlardan daha çox böyük siyasi və diplomatik tədbirlər Rəsmi Bakının beynəlxalq mövqeyinə daha ciddi töhfə verə bilər”.
Pərvin Hacıyeva
















