1 avqust – Azərbaycan Dili və Əlifbası Günüdür.
Zefer.media xəbər verir ki, dil bir xalqın, dövlətin varlığının ən böyük göstəricisidir, sübutudur. Onun saflığını və zənginliyini qorumaq həmin dildə danışan insanların üzərinə düşür.
Azərbaycanda İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynayıb. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar Mirzə Fətəli Axundov başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaradıb. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmayıb.
1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradılıb. Bu Komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verilib. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım olub.
1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirilib. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edilib. Bu hadisə ölkəmizdə savadsızlığın ləğv olunmasında mühüm rol oynayıb. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və nəticədə SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planları meydana gəlib.
1940-cı il yanvarın 1-dən isə kiril qrafikalı Azərbaycan əlifbasına keçmək haqqında qərar qəbul olunub. Sonralar kiril qrafikasının dilimizin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparılıb. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri ortaya çıxıb.
Ölkəmiz 1991-ci ildə müstəqillik əldə etdikdən sonra, SSRİ dövründə məcbur qəbul edilmiş qərarların yenidən baxılmasına başlanıb. Belə qərarlardan biri əlifba ilə bağlı idi. 1939-cu ildə Sovet İttifaqı rəhbərliyinin tapşırığı ilə Ölkədə latın qrafikalı əlifbadan kiril qrafikalı əlifbaya keçirilib. Müstəqillik əldə etdikdən sonra yenidən latın qrafikası əlifbaya keçilməsi təklifi irəli sürülüb. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunub. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılıb. 2001-ci il avqustun 1-də bütün respublika ərazisində kiril qrafikalı əlifbanın tətbiqi dayandırılıb. Sözügedən dövrlər dövlətimizin Prezidenti olmuş Ulu Öndər Heydər Əliyev 2001-ci il avqustun 9-da avqustun 1-inin Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzalayıb. Ona görə də hər il avqustun 1-i adıçəkilən əlamətdar bayram ölkəmizdə keçirilir. Hər ilin bu günü dilimizin qorunmasının nə qədər vacib olduğunu daha da yaxşı anlayırıq.
Zərintac Mayisqızı

















