ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmaq niyyətində olmamasından narazıdır. Bu hücumların Moskva ilə Vaşinqton arasında dizel yanacağı ilə bağlı razılaşmaya baxmayaraq davam etməsi Ağ Evdə narazılıq yaradıb.
Zefer.media “Axios”a istinadən xəbər verir ki, Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-ın yardımını özünə borc bilinən dəstək kimi qəbul etdiyini düşünür. Nəşrin həmsöhbəti bildirib ki, bu vəziyyət Trampı “həqiqətən qəzəbləndirib”.
Rusiya hələlik Ukrayna ilə enerji atəşkəsi barədə razılıq verməyib. Nəşrin məlumatına görə, tərəflər ilk mərhələdə bir-birinin neft emalı zavodlarına hücum etməmək barədə razılığa gələ bilərlər. Növbəti mərhələdə isə elektrik stansiyalarına və enerji şəbəkələrinə zərbələrin dayandırılması müzakirə oluna bilər.
Ukraynalı rəsmi belə bir razılaşmanın tərəflər üçün bərabər şərtlər yaratmadığını bildirib. Onun sözlərinə görə, Rusiyanın çoxsaylı neft emalı zavodları var, Ukraynanın isə yeganə zavodu dəfələrlə hücuma məruz qalıb və hazırda tam gücü ilə işləmir.
Ukrayna ilk növbədə Rusiyanın enerji sisteminə endirdiyi zərbələrin dayandırılmasına nail olmaq istəyir. Bu arada, Stiv Uitkoff və Cared Kuşner qeyri-müəyyənlik səbəbindən Moskvaya səfərlərini təxirə salıblar.
Aytən Yalçınqızı




