Avropanın sülh çağırışları heç bir əhəmiyyət kəsb etmir, çünki eyni zamanda orada silahlar hazırlanır və Ukrayna hərbçilərinin Rusiyaya qarşı “proksi ordu” kimi fəaliyyəti dəstəklənir, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Almaniya avtomobil zavodlarını hərbi istehsala çevirir, Britaniya Ukrayna ordusunun təcrübəsini və inkişafını nəzərə alacağını vəd edir və Latviya Ukrayna ilə birgə dron istehsalı zavodu tikir”, – o bildirib.
Mövzu ilə bağlı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev Zefer.media-ya bildirib ki, Avropanın Rusiyanı təcavüzə hazırlaşmaqda, Rusiyanın isə Avropanı müharibəyə hazırlaşmaqda ittiham etməsi real şəraitə uyğun reaksiyalardır:
“Çünki Rusiya ilə Avropa artıq bir-birlərinə barışmaz rəqiblər kimi baxırlar. Ona görə də hər iki tərəfin istənilən hərbi addımı qarşı tərəfdə müharibəyə hazırlıq təsəvvürü yaradır. Rusiyanın Ukraynaya birbaşa təcavüz təhlükəsinin olmadığı şəraitdə hücum etməsi Avropa ölkələrində belə bir ehtiyat yaradıb ki, Moskva gələcəkdə onlara qarşı da oxşar addım ata bilər. Məhz buna görə də Avropa ölkələrinin hərbi hazırlığı həm Ukraynaya uzunmüddətli dəstək vermək zərurətindən, həm də mümkün risklərə qarşı qabaqlayıcı tədbirlər görmək istəyindən irəli gəlir”.

Həmçinin müsahib qeyd edib:
“Mən hesab edirəm ki, Avropanın indiki hərbi hazırlığını müharibəyə hazırlıq kimi də qiymətləndirmək olar. Çünki onlar Ukraynadakı müharibənin hələ uzun illər davam edə biləcəyini nəzərə alır və hərbi potensiallarını artırırlar. Bu proses eyni zamanda Rusiya ilə Avropa Birliyi arasında münasibətləri daha da gərginləşdirir və NATO-Rusiya xəttində də gərginliyi artırır. Nəzərə almaq lazımdır ki, Avropa Birliyinin aparıcı ölkələri NATO üzvləridir və hər iki blok Ukraynanın tərəfində dayanır. Ona görə də Ukraynadakı müharibənin uzanması avtomatik olaraq Rusiya ilə həm Avropa Birliyi, həm də NATO arasında qarşıdurmanın daha da dərinləşməsinə təsir göstərir”.
Qəmər Kazımzadə

















