Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Dominikan Respublikasının paytaxtı Santo Dominqoda səfərdədir.
Dövlət Agentliyinin mətbuat xidmətindən Zefer.media – ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Dominikan Respublikası Prezident Ofisinin (rəhbəri) naziri Xose İqnasio Palisa arasında görüş keçirilib.
Ülvi Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” modeli, vətəndaşyönümlü dövlət xidmətlərinin təşkili və dövlət idarəçiliyində innovativ yanaşmalar barədə təqdimat edib.
Dominikan tərəfi ölkələrimiz arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Qeyd olunub ki, “ASAN xidmət” təcrübəsinin Dominikan tərəfi ilə paylaşılması bu istiqamətə geniş töhfə verə bilər.
Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti Dominikan Respublikasının dövlət idarəçiliyi naziri Siqmund Freund ilə də görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Dominikan Respublikasının Dövlət İdarəçiliyi Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi “ASAN xidmət” modelinin Dominikan Respublikasında tətbiqi, eləcə də bu istiqamətdə Dominikan dövlət qulluqçuları üçün Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən təlimlərin keçirilməsi və zəruri standartların hazırlanmasıdır.
Bu “ASAN xidmət” modelinin beynəlxalq səviyyədə təşviqi və ixracı istiqamətində Karib hövzəsi dövlətləri ilə imzalanmış ilk sənəddir. Dominikansa bu modelin ixrac olunacağı 53-cü ölkədir.
Görüşlərdə Azərbaycan Respublikasının Dominikan Respublikasındakı səfiri Ruslan Rzayev də iştirak edib.


















