Ukraynanın Baş naziri Yuliya Svyrydenko Vaşinqtona səfərindən sonra ABŞ-nin ölkəsinə dəstəyinin daha da gücləndiyini bildirib. O, ABŞ Maliyyə Naziri Skott Bessent də daxil olmaqla yüksək səviyyəli rəsmilərlə keçirdiyi görüşləri “səmimi və konstruktiv” kimi qiymətləndirib.
Zefer.media bu barədə Reuters Agentliyinə istinadən xəbər verir.
Svyrydenko Reuters agentliyinə verdiyi eksklüziv müsahibədə qeyd edib ki, görüşlər zamanı əsas məqsədi Rusiyaya qarşı tətbiq olunan sanksiyaların zəiflədilməməsi ilə bağlı Ukraynanın mövqeyini möhkəmləndirmək olub. Onun sözlərinə görə, ABŞ tərəfi bu məsələnin vacibliyini anlayır və sanksiyaların gücləndirilməsini dəstəkləyir.
Baş nazir vurğulayıb ki, Rusiya neftinə tətbiq edilən bəzi məhdudiyyətlərin müvəqqəti yumşaldılmasına baxmayaraq, hazırda həmin sanksiyalar yenidən qüvvəyə minib. O əlavə edib ki, Rusiyanın zəiflədilməsi üçün sanksiyalar mühüm alətdir.
Səfər çərçivəsində Svyrydenko Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının yaz iclaslarında da iştirak edib. O bildirib ki, BVF ilə fevral ayında təsdiqlənmiş 8 milyard dollarlıq kredit proqramı üzrə irəliləyiş var və may ayında Fondun nümayəndə heyətinin Kiyevə səfəri gözlənilir. BVF-nin bəzi şərtləri yumşaltması Ukraynanın enerji infrastrukturuna edilən hücumların yaratdığı çətinliklərlə əlaqələndirilir.
Baş nazir ABŞ-Ukrayna əməkdaşlığının dərinləşdiyini də vurğulayıb. Onun sözlərinə görə, ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondu artıq ilk layihəsini təsdiqləyib və yay aylarında enerji sektoru üzrə ikinci layihənin təsdiqi gözlənilir. Ümumilikdə fonda 200-dən çox müraciət daxil olub və layihələrin sayının artırılması planlaşdırılır.Svyrydenko bildirib ki, Ukrayna müharibənin bitməsini istəyir, lakin bunun təhlükəsizlik zəmanətləri, rifah və yenidənqurma planı ilə müşayiət olunması vacibdir. O qeyd edib ki, ukraynalılar apardıqları ağır mübarizənin qarşılığını layiqli həyat şəklində görməlidirlər.
Eyni zamanda, Ukrayna ABŞ və digər G7 ölkələrinin dəstəyini yüksək qiymətləndirir. Qrupun maliyyə rəhbərləri Ukraynaya, o cümlədən qarşıdan gələn qış mövsümünə hazırlıq baxımından dəstəyin davam etdiriləcəyini bəyan ediblər.
Baş nazir Avropa İttifaqı ilə bağlı məsələlərə də toxunaraq bildirib ki, Ukrayna Aİ-yə inteqrasiyanı “geri dönməz” hesab edir. O, gələcək siyasi dəyişikliklərin, o cümlədən Macarıstandakı mümkün seçki nəticələrinin, Rusiyaya qarşı yeni sanksiyaların və maliyyə dəstəyinin önünü aça biləcəyinə ümid etdiyini qeyd edib.
Svyrydenko səfərin yekununu belə qiymətləndirib: “İki günlük intensiv görüşlərdən sonra hiss edirəm ki, münasibətlərdə müsbət dəyişiklik var və dəstək əvvəlkindən daha güclüdür”.
Qəmər Kazımzadə

















