Cəmiyyət

Alkoqol xərçəng müalicəsinin effektivliyini 50 faiz azalda bilər – yeni tədqiqat

25 Noyabr 2026, 11:300
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Müntəzəm spirtli içki qəbulu xərçəng xəstələrinin immunoterapiyadan əldə etdiyi nəticələri zəiflədə bilər. Yeni araşdırmaya görə, alkoqol siçanlar üzərində aparılan təcrübələrdə immunoterapiyanın effektivliyini təxminən 50 faiz azaldıb.

Zefer.media xəbər verir ki, tədqiqatın nəticələri “Science Signaling” elmi jurnalında dərc olunub.

Alimlər araşdırma zamanı immun sisteminin xərçəng hüceyrələrini tanıyaraq məhv etməsinə kömək edən immun yoxlama nöqtəsi inhibitorlarını, xüsusilə PD-1 zülalını bloklayan preparatları öyrəniblər. Bu qrupa pembrolizumab və nivolumab kimi xərçəng əleyhinə dərmanlar daxildir.

Tədqiqatın ilk mərhələsində siçanlara beş həftə ərzində müxtəlif dozalarda alkoqol verilib. Daha sonra heyvanlara ağciyər və sidik kisəsi xərçəngi hüceyrələri yeridilərək immunoterapiya tətbiq olunub.

Nəticələr göstərib ki, spirtli içki qəbulu müalicənin effektivliyini təxminən yarıbayarı azaldıb və şişlərin yenidən böyüməsi ehtimalını artırıb.

Alimlər insanlarla bağlı məlumatları da araşdırıblar. 2014-2018-ci illərdə ABŞ-ın Şimali Karolina Universitetinin Xərçəng Xəstəxanasında müalicə alan ağciyər xərçəngi xəstələrinin tibbi qeydlərinin təhlili zamanı oxşar əlaqə aşkarlanıb. Həftədə birdən çox spirtli içki qəbul edən xəstələrdə PD-1 inhibitorları ilə müalicə zamanı sağqalma göstəriciləri daha aşağı olub.

Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, insanlarla bağlı məlumatlar alkoqolun müalicənin nəticələrini birbaşa pisləşdirdiyini sübut etmir. Yalnız mümkün əlaqə müəyyən edilib.

Araşdırma zamanı alkoqolun immun sisteminə təsir mexanizmi də öyrənilib. Məlum olub ki, spirtli içki qəbulu şiş toxumasında xərçənglə mübarizə aparan CD4+ və CD8+ T-limfositlərinin sayını azaldır. Eyni zamanda, bu hüceyrələrin aktivliyi və xərçəng hüceyrələrini məhv etməyə kömək edən interferon-qamma zülalının istehsalı zəifləyir.

Bundan başqa, immun hüceyrələrinin fəaliyyətini məhdudlaşdıran TIGIT reseptorunun aktivliyində artım müşahidə olunub. Alimlərin fikrincə, bu mexanizm immun sisteminin şişlərə qarşı mübarizə qabiliyyətini daha da zəiflədə bilər.

Tədqiqatçılar siçanlar üzərində əlavə təcrübələr də aparıblar. PD-1 inhibitorunu TIGIT reseptorunu bloklayan preparatla birləşdirdikdə, müalicənin effektivliyi alkoqol qəbul etməyən heyvanlarda qeydə alınan səviyyəyə yaxınlaşıb.

Müəlliflər əldə olunan nəticələrin əhəmiyyətini vurğulamaqla yanaşı, alkoqolun xərçəng immunoterapiyasına təsirini dəqiq müəyyənləşdirmək üçün əlavə klinik araşdırmalara ehtiyac olduğunu bildiriblər.

Alimlər həmçinin xərçəng xəstələrinin alkoqol istifadəsi ilə bağlı məlumatlarının tibbi bazalarda sistemli şəkildə qeydə alınmasını təklif edirlər. Bu, spirtli içkilərin müxtəlif xərçəng növlərinin müalicəsinə təsirini daha dəqiq qiymətləndirməyə imkan verə bilər.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600