İsveçin şimalında yeddi körpüdə quraşdırılmış yol nişanları dəyişdiriləcək. Boden və Morjärv arasındakı magistral yol boyunca yerləşdirilən nişanlar NATO standartlarına uyğun olaraq hərbi texnikanın daşınmasını asanlaşdırmaq məqsədi daşısa da, üzərindəki tank silueti Sovet istehsalı olan T-80 tankına bənzəyib.
Zefer.media Svenska Dagbladet-ə istinadən xəbər verir ki, nişanlar İsveçin NATO-ya inteqrasiyası çərçivəsində Silahlı Qüvvələrin müraciəti əsasında quraşdırılıb. Onlar hərbi texnikanın daşınması zamanı körpülərə düşə biləcək maksimal yükü göstərir.
İsveç Silahlı Qüvvələrinin logistika bölməsinin nümayəndəsi Kristian Roll tank siluetinin nişanlarda əks olunmasını insan səhvi ilə əlaqələndirib.
Onun sözlərinə görə, təsvirlər tırtıllı və təkərli nəqliyyat vasitələrinin ümumiləşdirilmiş nümunələri kimi nəzərdə tutulub. Lakin sonradan piktoqramlardan birinin T-80 tankına olduqca bənzədiyi məlum olub.
Qeyd edək ki, T-80 tankı 1976-cı ildə Sovet Ordusunun silahlanmasına qəbul edilib və hazırda da Rusiya Silahlı Qüvvələri tərəfindən istifadə olunur.
Aytən Yalçınqızı




