Xarici xəbərlər

İtaliya hökuməti yanacağın bahalaşmasına etiraz edən sürücülərə dəstək tədbirləri görür

22 Oktyabr 2026, 19:490
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İtaliyanın Nazirlər Şurası dizel yanacağının bahalaşmasına qarşı yük maşını sürücülərinin etirazları ölkənin cənubuna yayıldığı bir vaxtda avtomobil nəqliyyatı, kənd təsərrüfatı və balıqçılıq sektorlarına dəstək tədbirlərini nəzərdə tutan təcili qərar layihəsini təsdiqləyib.

Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Baş nazir Corcia Meloni ABŞ-ın X sosial şəbəkəsində bildirib ki, avtomobil nəqliyyatı assosiasiyaları ilə razılıq əldə olunub, vəsaitlərin ödənilməsinə başlanılıb, fermerlər və balıqçılar üçün yeni tədbirlər isə bu gün Nazirlər Şurası tərəfindən təsdiqlənib.

Meloni hökumətin konkret həll yolları təqdim etmək üzərində işləyərkən etirazlarını dinc şəkildə bildirən şəxsləri də dinləyəcəyini vurğulayıb.

ANSA agentliyinin məlumatına görə, yük maşını sürücülərinin etirazlarının genişlənməsi malların tədarükündə fasilələrin yaranması ilə bağlı narahatlıqları artırıb. Bununla belə, bir sıra sürücülər etirazları dayandırmaq qərarına gəliblər.

Lakin Gela şəhərindəki yük maşını sürücüləri blokadanı davam etdirmək və yanacağın bahalaşmasına etirazlarını sürdürmək niyyətində olduqlarını bildiriblər.

“Konret nəticələr əldə olunana qədər davam edəcəyik. Elanlar bizim üçün heç bir əhəmiyyət daşımır. Dayanmış bu yük maşınları bütün həyatımızı və əməyimizi təmsil edir”, – deyə onlar bildiriblər.

Gela şəhərinin girişində, SS 117 bis Gela-Kataniya avtomobil yolunun dairəvi hərəkət hissəsində onlarla ağır tonnajlı nəqliyyat vasitəsi dayanıb.

Son günlərdə Kaltanissetta əyalətində yerləşən şəhərin girişində fermerlərin yaratdığı etiraz məntəqəsində digər yük maşını sürücüləri də avtomobillərini saxlayıblar.

Məlumata görə, Neapol və Bari şəhərlərinin merləri etirazlar səbəbindən şəhərlərin fəaliyyətinin iflic olmaq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq ediblər.

Hökumət sərt mövqe nümayiş etdirib. Blokadalara görə məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilərək polisə bildirilməsi gözlənilir.

Daxili işlər naziri Matteo Piantedosinin prefektlərə və polis rəhbərlərinə etirazlara mümkün “cinayətkar müdaxilələri” izləməyi tapşırdığı bildirilir.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600