Sinqapurun maliyyə texnologiyaları (fintech) sektoru 2026-cı ilin ilk yarısında 53 sövdələşmə üzrə 499 milyon dollardan çox investisiya cəlb edib. Ötən ilin eyni dövründə isə bu göstərici 97 sövdələşmə üzrə təxminən 1,45 milyard dollar olub.
Zefer.media “Xinhua”ya istinadən xəbər verir ki, KPMG-nin “Pulse of Fintech H1 2026” hesabatına görə, bu, Sinqapurda son on ilə yaxın müddətdə ilin ilk yarısı üzrə qeydə alınan ən aşağı investisiya göstəricisidir.
Ölkənin əsas investisiya istiqamətlərindən biri olan transsərhəd ödənişlər sektorunda 3 sövdələşmə üzrə ümumilikdə 332 milyon dollar investisiya həyata keçirilib.
Rəqəmsal aktivlər və kriptovalyutalar sövdələşmələrin sayına görə ən böyük seqment olaraq qalıb. Bununla belə, ayrı-ayrı investisiyaların həcmi nisbətən kiçik olub.
Süni intellekt və maşın öyrənməsi maliyyə texnologiyaları sektorunda ən fəal istiqamət olub. Bu sahə 53 sövdələşmənin 18-də yer alıb və açıqlanan investisiyaların 365,9 milyon dollarını təşkil edib.
KPMG Sinqapurun maliyyə xidmətləri üzrə tərəfdaşı və rəhbəri Entoni Ruddenklau bildirib ki, Sinqapurdakı vəziyyət qlobal bazardakı tendensiyanı əks etdirir: investorlar əvvəlki illərlə müqayisədə daha seçici davranır və kapitalı daha az sayda, lakin genişlənmiş və yüksək potensiala malik platformalarda cəmləşdirirlər.
Onun sözlərinə görə, Sinqapurun etibarlı tənzimləmə mühiti, transsərhəd əlaqələri, ödənişlər və rəqəmsal aktivlər sahəsində imkanları ölkənin strateji maliyyə texnologiyaları mərkəzi mövqeyini qoruyub saxlamasına kömək edir.
Aytən Yalçınqızı

















