ABŞ-nin Alyaska ştatında göyərtəsində 8 nəfərin olduğu çarter təyyarəsi qəzaya uğrayıb. Hadisə ştatın qərbində, ucqar radar stansiyasının yaxınlığında baş verib.
Zefer.media xarici KİV-lərə istinadən xəbər verir ki, “Security Aviation” şirkətinə məxsus iki mühərrikli “Cessna 441” təyyarəsi Ankoricdəki Ted Stivens Beynəlxalq Hava Limanından Keyp-Nyuvenhem istiqamətində çarter reysi həyata keçirib.
Məlumata görə, təyyarə Ankoricdən havaya qalxdıqdan sonra, cümə axşamı günorta saatlarında təyinat yerinə çatmamış qəzaya uğrayıb. ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına əsasən, qəza Keyp-Nyuvenhem hava limanının qərbində, radar stansiyasının yaxınlığında baş verib.
Təyyarənin göyərtəsində iki pilot və altı sərnişin olub.
Hadisənin səbəbləri hələlik məlum deyil. Qəzadan sonra Alyaska Xilasetmə Koordinasiya Mərkəzi axtarış-xilasetmə əməliyyatına başlayıb.
Təyyarədə olan şəxslərin taleyi ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Hadisə ilə bağlı yeni məlumatların araşdırma davam etdikcə açıqlanacağı bildirilib.
Aytən Yalçınqızı

















