Çinin İctimai Təhlükəsizlik Nazirliyinin (İTN) məlumatına görə, Çin və Tailand polisi bu yaxınlarda Çin vətəndaşlarını hədəf alan iri sərhədlərarası kredit kartı fırıldaqçılığı şəbəkəsini birgə əməliyyat nəticəsində ifşa edib.
Zefer.media Xinhua Agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 9 şübhəli şəxs saxlanılıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Çinin İctimai Təhlükəsizlik Nazirliyi və Tailand Kral Polis Baş Qərargahının birgə keçirdiyi əməliyyat nəticəsində 4 Çin və 5 Tailand vətəndaşı saxlanılıb.
Nazirliyin məlumatına əsasən, tərəflər əməliyyatın keçirilmə vaxtını əvvəlcədən razılaşdırıb və bir neçə cinayətkar fəaliyyət məntəqəsini aşkarlayaraq ləğv ediblər. Əməliyyat çərçivəsində şübhəli şəxslər də saxlanılıb.
Açıqlamaya görə, Çin polisi 2025-ci ildə bu transmilli cinayətkar şəbəkəni müəyyən edib və işlə bağlı məlumatları dərhal Tailand tərəfinə ötürərək onlardan yardım istəyib.
İstintaq zamanı müəyyən edilib ki, şübhəlilərdən ikisi əlbir olaraq fəaliyyət göstərib. Onlardan biri Tailandda mağaza işlədərək həmin obyektdən zərərçəkən şəxslərin kredit kartı məlumatlarını qanunsuz əldə etmək üçün istifadə edib. Digəri isə oğurlanmış məlumatlardan istifadə etməklə saxta kredit kartları hazırlayıb, bu kartlardan fırıldaqçılıq yolu ilə əməliyyatlar aparmaq və qanunsuz əldə edilmiş gəlirləri yumaq üçün şəxsləri cəlb edib və bundan mənfəət əldə edib.
Hüquq-mühafizə orqanları indiyədək bu işlə əlaqəli 5 milyon yuandan (təxminən 736,5 min ABŞ dolları) çox maliyyə itkisi müəyyənləşdirib.
Nazirliyin bildirdiyinə görə, bu əməliyyat son illərdə Çin və Tailand polisinin iqtisadi cinayətkarlığa qarşı keçirdiyi ilk əlaqələndirilmiş birgə hüquq-mühafizə əməliyyatı olub.
Nazirlik əlavə edib ki, tərəflər sərhədlərarası iqtisadi cinayətkarlıqla mübarizə aparmaq üçün müntəzəm əməkdaşlıq mexanizminin yaradılması imkanlarını araşdıracaq. Bu çərçivədə məlumat mübadiləsi, təcrübə və ekspertiza mübadiləsi, birgə təhlillərin aparılması, şübhəli şəxslərin axtarılıb tapılması və qanunsuz əldə edilmiş vəsaitlərin geri qaytarılması da daxil olmaqla bir sıra istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır.
Pərvin Hacıyeva

















