BƏƏ bütün növ İran gəmilərinin, o cümlədən ticarət və ənənəvi yük gəmilərinin ölkənin liman və körpülərinə girişini yenidən qadağan edib.
Zefer.media xəbər verir ki, qərar iyulun 31-dən qüvvəyə minib. Həmin tarixdə BƏƏ limanlarında olan İran gəmilərinə də ölkə ərazisini tərk etmək göstərişi verilib. Bildirilir ki, bu gəmilər avqustun 3-dən gec olmayaraq limanları tərk etməli olublar.
BƏƏ rəsmiləri yeni məhdudiyyətlərin səbəbi və onların nə vaxt aradan qaldırılacağı barədə hələlik rəsmi açıqlama verməyiblər.
Bu, İsrail və ABŞ ilə İran arasında baş verən son müharibə başlayandan bəri BƏƏ-nin İran gəmilərinə qarşı tətbiq etdiyi ikinci liman qadağasıdır. Bundan öncə oxşar məhdudiyyət İranın BƏƏ ərazisinə zərbələr endirməsindən sonra tətbiq edilmiş, iyunun 16-da elan olunan atəşkəsdən sonra isə qismən ləğv olunmuşdu.
Zərintac Mayisqızı
















