Bu gün səhər saatlarında ABŞ-ın İrandakı hərbi əməliyyatı Xuzistan əyalətinin Əhvaz, Abadan, Şadeqan və Ərvəndkenar, Hörmüzqan əyalətinin Qeşm, Kiş və Bəndər Abbas, eləcə də Fars əyalətinin Buşehr, Nurabad və Kazerun şəhərlərində yerləşən hədəflərə hava və raket zərbələri endirilməsi ilə başa çatıb.
Zefer.media xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatın bir gün əvvəl ABŞ qüvvələrinə qarşı İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) raket hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib.
CENTCOM-un açıqlamasına görə, əməliyyat zamanı komanda mərkəzləri, raket və pilotsuz uçuş aparatları qurğuları, sahil müşahidə və müdafiə mövqeləri, eləcə də dəniz imkanları daxil olmaqla onlarla SEPAH hədəfi vurulub.
Komandanlıq əməliyyatın məqsədinin ABŞ qüvvələrinə, ticarət gəmilərinə və qonşu ölkələrə yönəlmiş İran təhdidlərini azaltmaq olduğunu bildirib və əlavə edib ki, regionda yerləşən 50 mindən çox ABŞ hərbçisi yüksək döyüş hazırlığı vəziyyətindədir.
Habelə bu gün səhər saatlarında isə İran ordusunun İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirdiyi deyilib.
Sosial mediada yayılan görüntülərdə İordaniyadakı Müvəffəq əs-Salti hava bazasının İran raketləri ilə hədəfə alınmasından əvvəl hava hücumundan müdafiə sistemlərinin işə salındığı və daha sonra raketləri zərərsizləşdirməsi əks olunub.
Hadisə ilə əlaqədar əlavə məlumat, o cümlədən zərbələrin nəticələri və mümkün itkilər barədə rəsmi açıqlama verilməyib.
Zərintac Mayisqızı















