Səudiyyə Ərəbistanı cümə axşamı günü Qırmızı dənizdə “Husilərin Bab əl-Məndəb boğazından gəmiçiliyi məhdudlaşdırmaq cəhdlərinə qarşı çıxmaq” məqsədi daşıyan yeni çoxmillətli hərbi koalisiyanın yaradıldığını elan edə bilər.
Zefer.media xəbər verir ki, bu barədə “Aİ-Monitor” məlumat yayıb.
Qeyd olunur ki, koalisiya qərargahının Səudiyyə Ərəbistanının komandanlığı altında Ər-Riyadda yerləşməsi planlaşdırılır.
Nəşrin məlumatına görə, ABŞ, Misir, Pakistan, Türkiyə, Qətər, Bəhreyn, Küveyt, Cibuti, Somali və Sudan da daxil olmaqla, təxminən 50 ölkə iştirak etməyə dəvət olunub.
ABŞ-nin iştirakı ilə bağlı qərar hələ verilməyib, lakin rəsmilər Vaşinqtonun dəstəyinin təşəbbüsün etibarlılığını təmin etmək üçün əsas hesab edildiyini deyirlər.
Bildirilir ki, Fransa, Almaniya və İtaliya hər hansı bir öhdəlik götürməzdən əvvəl ABŞ-nin qərarını gözləyirlər.
Omanın İranla təmaslarda vasitəçi roluna görə koalisiyaya qoşulması ehtimalı az hesab olunur.
Mövcud məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri hələlik dəvət almayıb.
Zərintac Mayisqızı















