Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyində təmsil olunan Mehmet Direk oğlu və qardaşı oğlu ilə birlikdə qəbiristanlıqda güllələnib.
Zefer.media-nın əldə etdiyi məlumata görə, hadisə Batman vilayətinin Güneykent rayonundakı şəhər qəbiristanlığında baş verib.
Naməlum şəxslər Mehmet Direkə, oğlu Ercana və qardaşı oğlu Bekirə atəş açıblar. Hər üçü hadisə yerində ölüb.
Atışmadan sonra polis qəbiristanlığı mühasirəyə alıb və istintaq tədbirlərinə başlayıb. Əraziyə giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb.
Hüquq-mühafizə orqanları şübhəli şəxslərin tapılması üçün genişmiqyaslı əməliyyat keçirirlər. İstintaqçılar müşahidə kameralarının görüntülərini araşdırır və hücum edən şəxslərin qaçış marşrutunu müəyyənləşdirməyə çalışırlar.
Cinayətin mümkün motivləri barədə hələlik rəsmi məlumat verilməyib.
Zərintac Mayisqızı

















