Filippin Cənubi Çin dənizində Çin Sahil Mühafizəsini ikinci gündür hökumət və balıqçılıq gəmilərinə qarşı su şırnaqlarından istifadə etməkdə və təhlükəli manevrlər həyata keçirməkdə ittiham edib.
Zefer.media xəbər verir ki, Filippin Sahil Mühafizəsinin məlumatına görə, insident mübahisəli Skarboro (Scarborough) dayazlığı yaxınlığında baş verib. Bildirilir ki, Çin Sahil Mühafizəsinə məxsus gəmi Filippinin balıqçılıq gəmisinə təxminən 7 metrədək yaxınlaşaraq ciddi toqquşma riski yaradıb.
Filippin Sahil Mühafizəsinin sözçüsü Cey Tarriela Çinin hərəkətlərini sərt tənqid edib.
“Çin Sahil Mühafizəsinin təhlükəli və qeyri-peşəkar hərəkətlərini qətiyyətlə pisləyirik. Skarboro dayazlığı filippinli balıqçıların ənənəvi balıqçılıq məkanıdır və onların hüquqlarına heç bir xarici qüvvə qanuni şəkildə mane ola bilməz”, – deyə o bildirib.
Çin Sahil Mühafizəsi isə öz növbəsində Filippin gəmilərinin ərazidə qanunsuz fəaliyyət göstərdiyini iddia edərək onlara qarşı “nəzarət tədbirləri” həyata keçirdiyini açıqlayıb.
Qeyd edək ki, son günlər Cənubi Çin dənizində Çin və Filippin arasında bir neçə qarşıdurma baş verib. Hadisələr ABŞ dövlət katibi Marko Rubio və Çin xarici işlər naziri Vanq Yinin də iştirak etdiyi regional görüşlərin başa çatdığı dövrə təsadüf edib. ABŞ rəsmi Pekinin bölgədəki fəaliyyətini narahatedici adlandıraraq Filippinə dəstəyini bir daha bəyan edib.
Mənbə: “Reuters”
Qəmər Kazımzadə

















