Bu gün İranın ali lideri Müctəba Xameneyi sosial media hesabında İslamabad Memorandumunda yer alan əsas şərtlərin qısa icmalını paylaşıb.
Zefer.media-nın əldə etdiyi məlumata görə Xameneyi paylaşımında bildirib’:
“Bundan sonra biz – yəni siz, İranın qürurlu xalqı və sizin təvazökar xidmətçiniz (ali rəhbər) – göstərilən şərtlərin yerinə yetirilməsini gözləyəcəyik”.
O, memorandum çərçivəsində yeddi əsas gözləntini sadalayıb:
▪️Hərbi əməliyyatların dayandırılması – 1, 2, 3, 9 və 14-cü bəndlərə uyğundur. Yekun razılaşma əldə edildikdən sonra Livan cəbhəsi də daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılmasını nəzərdə tutur;
▪️İranın dəniz blokadasının ləğvi – 4-cü bəndə uyğundur. Naviqasiyaya mane olan bütün məhdudiyyətlərin və dəniz blokadasının 30 gün ərzində aradan qaldırılmasını əhatə edir;
▪️Hörmüz boğazı üzərində suverenliyin möhkəmləndirilməsi – 5-ci bəndə uyğundur. Hörmüz boğazında dəniz xidmətlərinin idarə olunması və göstərilməsi prosedurunun beynəlxalq hüquqa, eləcə də boğaza sahilyanı dövlətlərin suveren hüquqlarına uyğun müəyyən edilməsini, Omanla razılaşma və Fars körfəzi ölkələri ilə dialoqu diqqətə çatdırır;
▪️Kompensasiya və bərpa – 6-cı bəndə uyğundur. ABŞ və onun regional tərəfdaşları tərəfindən 300 milyard dollar ayrılması hesabına İranın iqtisadi inkişafının bərpasını, proqramın təsdiqlənməsini və üçüncü ölkələrin investisiya qoyuluşuna imkan yaradılması üçün sanksiyaların ləğvini nəzərdə tutur;
▪️Bütün sanksiyaların hərtərəfli şəkildə ləğvi – 7-ci və 10-cu bəndlərə uyğundur. Yekun razılaşmanın tərkib hissəsi kimi BMT Təhlükəsizlik Şurası, AEBA və ABŞ-nin birtərəfli sanksiyalarının ləğvi planını əks etdirir;
▪️Nüvə dosyesinin bağlanması – 8-ci və 9-cu bəndlərə uyğundur. İran İslam Respublikasının uranı zənginləşdirmək hüququnun tanınmasını hədəfləyir;
▪️Dondurulmuş aktivlərə çıxışın təmin edilməsi – 11-ci bəndə uyğundur. İran İslam Respublikasının Mərkəzi Bankının ölkənin bütün dondurulmuş maliyyə vəsaitlərinə tam çıxış əldə etməsini vurğulayır.
Zərintac Mayisqızı

















