Yay fəslində temperaturun yüksəlməsi ilə birgə qida zəhərlənməsi hallarında da artım müşahidə olunur. Həmin mövsümdə tez-tez neqativ xəbərlər eşidirik. Bu, xüsusilə də qarpız istehlakı zamanı yaşanır.
Həkim-terapevt Günay Musayeva Zefer.media-ya açıqlamasında deyib ki, insanlar arasında tez-tez qarpızdan zəhərlənmə ifadəsi işlədilsə də elmi cəhətdən problemin mənbəyi əksər hallarda məhsulun özündən deyil, onun düzgün saxlanılmaması və gigiyenik qaydalara əməl edilməməsindən irəli gəlir:
“Belə ki, həmin giləmeyvə yüksək su tərkiblidir. Düzgün şəraitdə saxlanılsa sağlamlıq üçün təhlükə yaratmır, əksinə onun tərkibində insan orqanizminə vacib olan su, vitaminlər və anti-oksidant maddələr mövcuddur. Ancaq məhsulun daşınması, satılması və istifadəsi zamanı bəzi səhvlər risk yarada bilər. Məsələn qarpızın xarici səthi torpaq, toz və müxtəlif mikroorqanizmlərlə təmasda olur. Sözügedən giləmeyvəni kəsilməzdən əvvəl yumasaq, bıçaq ilə mikroorqanizmləri, çirkləri qarpızın iç hissəsinə ötürmüş olarıq. Həmçinin bu məhsul kəsildikdən sonra uzun müddət isti mühitdə qalarsa bakteriyaların çoxalması üçün əlverişli şərait yaranar. O soyuducuda uyğun temperaturda qoyulmalıdır”.
Həkim vurğulayıb ki, həmin giləmeyvəni seçərkən bir neçə nüansa diqqət yetirmək vacibdir:
“Mövsümündə alınmalı, çatlamış, əzilmiş və ya zədələnmiş qarpızın alınması məsləhətli deyil. Küçə və açıq satış məntəqələrində əvvəlcədən kəsilərək uzun müddət açıq qalan sözügedən məhsulun alınması müəyyən risklər yarana bilər”.

Günay Musayeva əlavə edib ki, yay aylarında yalnız qarpız deyil, digər qida məhsulları da zəhərlənmə riski baxımından diqqət çəkir:
“Süd və süd məhsulları, kremli şirniyyatlar, dondurma, ət və toyuq məhsulları, balıq, yumurta tərkibli qidalar, mayonezli salatlar və açıq şəkildə satılan hazır yeməklər yüksək risk qrupuna daxildir. İsti hava şəraiti bakteriyaların çoxalma sürətini artırdığı üçün onlar sürətlə xarab ola bilir. Qida zəhərlənməsi durumu adətən ürəkbulanma, qusma, qarın ağrısı, ishal, halsızlıq və bəzi hallarda isə yüksək bədən hərarəti kimi əlamətlərlə özünü göstərir. Əsasən uşaqlar, yaşlı insanlar və xroniki xəstəliyi olan şəxslərdə sözügedən hallar daha ciddi nəticələrə gətirib çıxarır.
Nitratlarla əlaqəli də bir məqamı qeyd etmək vacibdir. Belə ki, əksər insanlar arasında qarpızın nitratla dolu olması barədə fikirlər var. Adıçəkilən giləmeyvənin qalın qabığa malik olması onun müəyyən dərəcədə qoruyuculuq xüsusiyyətini artırır. Qabığ xarici çirkləndiricilərin birbaşa onun iç hissəsinə keçməsini çətinləşdirir. Lakin bu, qarpızın tamamilə nitratdan qorunduğu anlamına gəlmir. Ona görə də məsələ qabığın qalınlığından daha çox həmin məhsulun yetişdirilmə şəraitindən asılıdır”.
Zərintac Mayisqızı

















