Qurban Bayramı ərəfəsində insanların sevincinə şərik olmaq, ehtiyac sahibi ailələrə dəstək göstərmək və şəhid ailələri ilə qazilərin yanında olmaq cəmiyyətimizdə ən ali dəyərlərdən hesab olunur.
Zefer.media Masallı xəbərləri milli informasiya portalına istinadən xəbər verir ki, bu nəcib ənənəni hər il davam etdirən millət vəkili Məşhur Məmmədov növbəti dəfə xeyriyyə aksiyası ilə yüzlərlə ailənin bayram sevincinə töhfə verib.
Millət vəkilinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı Qurban Bayramı aksiyası çərçivəsində ümumilikdə 1561 pay qurban əti paylanılıb. Yardımlardan 66 şəhid ailəsi, 129 qazi, 311 Vətən müharibəsi iştirakçısı və 1055 aztəminatlı ailə faydalanıb. Aksiya zamanı ümumilikdə 3378 kiloqram qurban əti ehtiyac sahibi vətəndaşlara çatdırılıb.
Məşhur Məmmədovun uzun illərdir davam etdirdiyi sosial dəstək fəaliyyəti, xüsusilə şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğı cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. O, yalnız bayram günlərində deyil, ilin müxtəlif dövrlərində də humanitar təşəbbüsləri ilə insanların yanında olmağa çalışır.
Qurban Bayramı münasibətilə həyata keçirilən sözügedən nəcib aksiya bir daha göstərir ki, həmrəylik, paylaşmaq və xeyirxahlıq kimi milli-mənəvi dəyərlərimiz yaşadılır və gələcək nəsillərə ötürülür. Məşhur Məmmədovun göstərdiyi həmin nümunəvi xeyriyyəçilik fəaliyyəti yüzlərlə ailənin bayram sevincini artırmaqla yanaşı, cəmiyyətdə mərhəmət və sosial həmrəylik hisslərinin güclənməsinə də mühüm töhfə verir.


















