Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Antalya Diplomatiya Forumunun açılış sessiyasında iştirak edib.
Zefer.media xəbər verir ki, Ərdoğan bir sıra məsələlərə toxunub.
“Bu gün dünya güc böhranı ilə yanaşı istiqamət böhranı yaşayır. Böhranın miqyasını görmək üçün yalnız 7 oktyabrdan sonrakı Qəzzaya baxmaq lazımdır. Yaralananların sayı 172 mini, ölən uşaqların sayı 21 mini, yetimlərin sayı 58 mini keçib. Atəşkəsə baxmayaraq, 754 nəfər şəhid olub.
Qəzzada baş verənlərə yalnız humanitar faciə kimi baxmaq yetərli deyil. Qəzzada baş verən soyqırımın nələri görməzdən gəldiyini bizə açıq şəkildə göstərdi. Əgər bir sistem küvəzdəki günahsız körpələri güllələrdən qoruya, mülki şəxslərin kütləvi şəkildə hədəfə alınmasının qarşısını ala bilmirsə, bu, struktur tənəzzül, ontoloji reqressiya deyilmi?”, – deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə bölgəni 40 gün barıt qoxusu ilə dolduran müharibə bunun ən son nümunəsidir.
“Pakistanın sayəsində elan edilən 15 günlük atəşkəsi alqışlayırıq. Qanlı münaqişənin sözlərin yerini tutmasına icazə verilməməlidir. Sülhə ən qısa yol konstruktiv dialoq və diplomatiyadır. İsrailin danışıqlar prosesini sabotaj etmək cəhdlərinə hazır olmalıyıq. Hörmüz boğazı ilə bağlı mövqeyimiz aydındır. Boğazın bir tərəfi İrandırsa, digər tərəfi Omandır. Körfəz dövlətlərinin açıq dənizlərə çıxış hüququ məhdudlaşdırılmamalıdır. Hörmüz boğazı ticarət gəmiləri üçün açıq qalmalıdır.
Müharibənin bitəcəyinə inanırıq. Tərəflər istəsələr, Türkiyə birbaşa danışıqların davam etdirilməsi üçün atılan istənilən asanlaşdırıcı addımı dəstəkləməyə hazırdır” – Türkiyə lideri əlavə edib.
Zərintac Mayisqızı

















