Çinar Park Biznes Mərkəzində “Şimal Böyük Yol Qovşağı Kompleksi” layihəsinin təqdimat mərasimi keçirilib. Mərasim dövlət himnimiz ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Təqdimata layihə rəhbəri nəqliyyat eksperti Aslan Əsədovun sözləri ilə start verilib. Aslan Əsədov “Şimal Böyük Yol Qovşağı Kompleksi” layihəsinin əsas məqsədindən danışıb.
Tədbir sonunda isə Zefer.media üçün eksklüziv, qısa müsahibə də verilib :
– Sizcə, bu layihənin reallaşma ehtimalı varmı ? Əgər varsa, bu proses nə qədər vaxt çəkə bilər ?
– Təbii ki, bu layihənin reallaşma ehtimalını yüksək qiymətləndirirəm. Çünki mövcud şərait bunu təşviq edir. Bakı şəhərinin şimal girişində yerləşən böyük yol-qovşaq kompleksinin əsas çatışmazlıqlarından biri alternativ yolların, o cümlədən şəhərə girişin tam təmin olunmaması və şəhərdən çıxış prosedurlarının kifayət qədər sadələşdirilməməsidir.
Bu layihə Bakı şəhərinin ümumi nəqliyyat infrastrukturuna mühüm töhfə verə bilər. Lakin layihənin rəsmi şəkildə başlanması, təbii ki, dövlət və aidiyyəti qurumların qəbul edəcəyi qərarlardan asılıdır. Müddət baxımından, tikinti-quraşdırma işləri və icra tempi nəzərə alınmaqla, layihənin təxminən iki il ərzində tam şəkildə təhvil verilməsi mümkündür. Eyni zamanda, prosesin mümkün qədər minimal xərclə və operativ şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab olunur.
Bundan əlavə, daha tez reallaşdırıla biləcək məsələlərdən biri yeni infrastruktur çərçivəsində komponentlərin düzgün müəyyənləşdirilməsidir. Bu komponentlərə infrastrukturun əsas prosedurları, nəqliyyat axınlarının idarə olunması, həmçinin insan yönümlü və potensialı nəzərə alan yanaşmalar daxildir. Ümumilikdə, az xərc tələb edən və genişmiqyaslı infrastruktura keçidi təmin edə biləcək metodologiyanın tətbiqi layihənin reallaşma ehtimalını daha da artırır.
– Sizcə, 10–15 il sonra avtomobillərin sayı iki dəfə artarsa, bu yol qovşağı yenə də effektivliyini qoruyub saxlaya biləcəkmi ?
– Bu layihə, ümumilikdə hər hansı nəqliyyat infrastrukturunun yenidən qurulması zamanı minimal olaraq 20 illik dövr üçün nəzərdə tutulur. Həmin müddət ərzində hərəkət intensivliyi və məskunlaşma tempi nəzərə alınarsa, hesab edirəm ki, layihə yalnız 20 il deyil, hətta 30–35 il ərzində də öz aktuallığını qoruyub saxlaya bilər.
Çünki burada əsas məqsəd hərəkət iştirakçılarının yollardan və küçələrdən daha səmərəli istifadə etməsini təmin etmək, başqa sözlə, yol şəbəkəsinin mümkün qədər boşaldılmasına nail olmaqdır. Müəyyən əlavələr, müdaxilələr və mühəndis həlləri vasitəsilə infrastruktura dəyişikliklər edərək yolların daha açıq, rahat və maneəsiz hərəkət mühitinə çevrilməsi istiqamətində bu problemin həllinə nail olmaq mümkündür.
Eyni zamanda, fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, bu kimi həllərlə bağlı mənə də müəyyən müraciətlər daxil olur. Tıxac problemlərindən əziyyət çəkən xarici ölkələr, o cümlədən qonşu dövlətlər bu sahədə maraq göstərir və müraciət edirlər. Mənim fikrimcə, bu tip layihələr yalnız Bakı üçün deyil, ümumilikdə meqapolislər və nəqliyyat infrastrukturunda çətinlik yaşayan regionlar üçün zəruri və əhəmiyyətlidir.
Lalə Qurbanlı
Pərvin Hacıyeva

















