Şanlı Aprel döyüşləri Azərbaycan Ordusunun 44 günlük Böyük Zəfərə gedən yolunun ilk və ən sarsıdıcı zərbəsi idi. Aprel döyüşlərinin ən qaynar nöqtələrində, ölümün gözünə dik baxaraq irəliləyən, hər addımı vətən sevgisi və əsgər məsuliyyəti ilə yoğrulan polad iradəli komandirlərimizdən biri də Elşad Haşımovdur.
Xatirələrini Zefer.media ilə paylaşan qazi, Aprel döyüşlərində göstərdiyi şücaəti, sarsılmaz XTQ qardaşlığını və qəlbindəki Vətən sevgisini bu sözlərlə ifadə edib:

“Mən, ehtiyatda olan Xüsusi Təyinatlı Qüvvələrin Xüsusi Əməliyyat Qrupunun komandiri, müharibə əlili kapitan Haşımov Elşad Bahadur oğlu, ilk növbədə bütün Azərbaycan xalqını böyük Zəfərimiz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allah ölkəmizin torpaqları və suverenliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət etsin.
Bildiyimiz kimi, bu il şanlı Aprel döyüşlərinin artıq 10-cu ildönümüdür. Cənab Ali Baş Komandanımızın da dediyi kimi, Şanlı Aprel döyüşləri ordumuzu 44 günlük Zəfərə aparan başlanğıc oldu. Bu başlanğıc düşmənə elə bir dərs verdi ki, illərlə bütün dünyaya səs saldıqları keçilməsi mümkün olmayan Ohanyan xəttinin bir neçə saat ərzində bölmələrimiz tərəfindən darmadağın olunmasına şahid oldular. Biz onlara bir daha sübut etdik ki, Azərbaycan xalqının səbri sonsuz deyil və nəticədə düşmənin 4 il işğal edib 30 il möhkəmləndirdiyi istehkam qurğularını 44 gündə darmadağın edərək torpaqlarımızdan qovduq”.
Komandir döyüşlərin onun üçün unudulmaz təsir qoyduğunu qeyd edib: “Aprel döyüşləri mənim həyatımda silinməz iz buraxıb. Həmin anları xatırlayanda həm qürur hissi keçirirəm, həm də bir qədər kövrəlirəm, çünki o döyüşlərdə canını Vətən uğrunda fəda edən silahdaşlarım, qardaşlarım var.
Ən ağır məqam dedikdə, mənim üçün xüsusi bir çətinlik olmadı, çünki bu bizim üçün şərəf və namus borcu idi. Biz Xüsusi Təyinatlı sıralarına qoşularkən vətənimizin hər qarış torpağının müdafiəsi üçün canımızdan və qanımızdan keçməyə and içmişdik və hər zaman bu andımıza sadiq olmuşuq. Bunu bütün dünyaya sübut etdik ki, bir Azərbaycan oğlu nələrə qadirdir. Həmişə demişəm ki, bir XTQ mənsubunu yalnız şəhadəti yolundan geri qaytara bilər. Bizim yolumuz haqq savaşı, müqəddəs torpaqlarımızın azad olunması uğrunda idi və bizi bu yoldan yalnız ölüm döndərə bilərdi.
Ən böyük motivasiya Vətən sevgisi və xalqımızın arxamızda dayanması idi. Bu hiss insana yorulmaz güc verir.
Yaralandığım an belə düşüncəm yalnız bir idi – tapşırığı yerinə yetirmək və silahdaşlarımı tək qoymamaq. Hətta yaralandığım an elə bir vəziyyət yaranmışdı ki, biz tam düşmənin arxasında idik və qeyri-bərabər döyüş gedirdi. Mənim ordan sağ çıxmağım digər döyüş yoldaşlarımın döyüş gücünü zəiflədirdi. Buna görə zabit yoldaşımdan silahımı istədim ki, özümü vurum və onlar rahat döyüşə bilsin. Bu yerdə bir XTQ mənsubu olaraq öz gücümüzü və birliyimizi sübuta yetirdik – xüsusi təyinatlı öz döyüş yoldaşını heç vaxt yarı yolda qoymaz; lazım gələrsə, öz canından keçər, amma yaralı dostunu döyüş meydanında tərk etməz. Yaralandığım vaxt və təxliyə olunma vaxtı arasında 20 saat keçmişdi; bu müddət ərzində döyüş yoldaşlarım həm məni təxliyə edir, həm də düşmənlə döyüşürdülər”.
Sonda E. Haşımov gələcək nəsillərə ünvanladığı müraciətində vətənpərvərliyin əsl mahiyyətini belə izah edib: ” Gənclərə demək istəyirəm ki, Vətəni sevmək yalnız sözlə deyil, əməllə olmalıdır. Hər kəs öz sahəsində güclü olub ölkəsinə fayda verməlidir. Ən çətin anlarda belə bir-birimizə verdiyimiz dəstək bizi ayaqda saxlayırdı. O həmrəylik hissi heç vaxt unudulmur”.
Pərvin Hacıyeva

















