Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev aprelin 1-də Azərbaycana səfərə gəlib, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəisi Gürsel İsmayılzadə və digər rəsmi şəxslər qarşılayıblar.
Mövzu ilə bağlı Zefer.media – ya açıqlamasında Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi, deputat Azər Allahverənov bildirib ki, bu görüş iqtisadi zəmində əməkdaşlığın genişləndirilməsinə yönəlib:

“Türk Dövlətləri Təşkilatı-na üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərinin Bakıda çox vacib bir toplantısı keçirildi.Say etibarilə bu, ikinci görüşdür; birinci toplantı Bişkek şəhərində baş tutmuşdu. Təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyevin Azərbaycana səfəri də məhz bu tədbirdə iştirakla bağlıdır. Bu görüşdə həm Baş katibin, həm də üzv ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakı göstərir ki, Təşkilat çərçivəsində olduqca mühüm və aktual məsələlər müzakirə olunur. Əldə olunan məlumatlara əsasən, gündəliyin əsas istiqamətləri iqtisadiyyat və nəqliyyat-logistika sahələridir. Bu da təsadüfi deyil, çünki hər iki sahə hazırda üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından prioritet hesab olunur. Bu toplantı mahiyyət etibarilə iqtisadi məsələlərə fokuslanması ilə fərqlənir. Məsələn, bu yaxınlarda Bakıda keçirilən xarici işlər nazirlərinin görüşü daha çox siyasi və regional əməkdaşlıq kontekstində idi. Bu görüş isə iqtisadi zəmində əməkdaşlığın genişləndirilməsinə yönəlib. İqtisadiyyatın geosiyasəti müəyyənləşdirdiyini nəzərə alsaq, üzv ölkələr arasında iqtisadi əlaqələrin güclənməsi gələcəkdə Avrasiya məkanında yeni bir iqtisadi mərkəzin formalaşmasına gətirib çıxara bilər. Burada əsas müzakirə mövzuları qarşılıqlı ticarət, gömrük rüsumları, prosedurlar və nəqliyyat-logistika məsələləridir. Xüsusilə Orta Dəhliz layihəsi böyük əhəmiyyət daşıyır, çünki bu marşrut Avrasiya qitəsinin müxtəlif qütblərini birləşdirir. Bu baxımdan Azərbaycan mühüm nəqliyyat habı rolunu oynayır. Ölkə ərazisindən keçən marşrutlar vasitəsilə yüklərin həm Türkiyə istiqamətində, həm də alternativ yollarla daşınması təmin olunur. Gələcəkdə Zəngəzur dəhlizinin açılması bu imkanları daha da genişləndirə bilər. Bütün bunlar həm iqtisadi baxımdan sərfəlidir, həm də vaxt baxımından üstünlüklər yaradır. Eyni zamanda süni intellekt, yüksək texnologiyalar və rəqəmsal innovasiyalar kimi sahələr də artıq prioritet istiqamətlər sırasındadır. Bu baxımdan, bu görüş Türk Dövlətləri Təşkilatının güclənməsinə, həmçinin Avrasiya məkanında daha dayanıqlı və inteqrasiya olunmuş əməkdaşlıq modelinin formalaşmasına xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər”.
Qəmər Kazımzadə

















